"Hər şey istədiyimiz kimi başa çatdı"-Rəşad Sadiqov

"Həqiqətən də oyun çox çətin keçdi. İlk hissədə bizə oynamaq imkanı vermədilər. Rəqibin də pressinq etməyi oyunumuza təsir edirdi. Biz “Dinamo”ya qarşı bu cür oynamışdıq. Bu dəfə serblər bizə qarşı belə oyun nümayiş etdirdi. Ancaq tədricən oyunun nəbzini tutduq. Rəqib də getdikcə yorulurdu".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov Avropa Liqasının II təsnifat mərhələsində "Çukariçki"yə qalib gəldikləri oyundan (2:0) sonra deyib. 

Təcrübəli futbolçu komandasının oyuna həyəcanlı çıxdığını bildirib: "Serblər pressinq etdiyi üçün hücuma atılmaqda çətinlik çəkirdik. Bu səbəbdən top itkilərinə yol verirdik. Bakıya məğlub durumda gəlmişdik və bunun yükü böyük idi. Biz də bunu dərk edirdik. 

Komanda oyuna həyəcanlı çıxmışdı. İrəli atılıb, qol buraxsaydıq, daha sonra üç qol vurmalı olacaqdıq. Yəni, bunlar hamısı təhlükəli idi və bizi düşündürürdü. Ona görə də matça ehtiyatlı başladıq. Sadəcə bilirdik ki, qol epizodlarımız olacaq və bunlardan yararlanmalıydıq. Əsas odur ki, hər şey istədiyimiz kimi başa çatdı".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right