Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Serbiyanın “Çukariçki” klubunun yarımmüdafiəçisi Branislav Yankoviçin müsahibəsi:
- “Qəbələ”ni tanıyırsız?
- Yox. Bu komanda haqqında heç bir məlumatım yoxdur. Özüm də “Çukariçki”yə təzə transfer olmuşam. Ümid edirəm ki, “Qəbələ”yə qarşı meydana çıxacam.
- Azərbaycan haqqında nə bilirsiz?
- Ölkəniz haqqında məlumatım çoxdur. Ümumiyyətlə, gözəl ölkə olduğundan, paytaxt Bakının Avropanın ən gözəl şəhərlərindən biri olduğundan xəbərim var.
- Futbolumuz haqqında?
- Çox az məlumatım var. “Qarabağ”ı tanıyıram. Bu komandanın keçən mövsüm Avropa Liqasının qrup mərhələsində oynadığından xəbərim var.
- Siz Monteneqrodansız və “Qarabağ”da ölkənizi Çempionlar Liqasında təmsil edən “Rudar”la qarşılaşacaq...
- “Qarabağ” çox güclü komandadı. “Rudar” üçün heç də asan olmayacaq. Ümid edirəm ki, onlar yaxşı nəticə göstərəcəklər. Amma reallıqla baxsaq, Azərbaycan təmsilçisi daha şanslıdı.
- Yəni “Qarabağ” qələbə qazanacaq?
- Bunu demək üçün çox tezdi.
- Bizim Avropa Liqasındakı təmsilçimiz “Neftçi” Monteneqro komandası “Mladost”a uduzdu...
- Uduzmadı. Bəxt “Mladost”un tərəfində oldu. Hər iki oyun heç-heçə bitdi və “Mladost” növbəti mərhələyə adladı. Onlar qələbə qazana bilmədilər.
- “Mladost” güclü komandadı?
- Yox. Mən onlara güclü deməzdim. Heç yaxşı oyun göstərdilər demək də düzgün deyil. Sadəcə, “Neftçi” bu komandanı keçə bilmədi.
- Deməli “Neftçi” daha zəif idi?
- Bu suala cavab vermək istəmirəm.
- Bəs siz “Qəbələ”ni keçə biləcəksiz?
- “Qəbələ” çox güclü komandadır. Onlara qarşı oynamaq çətin olacaq. Lakin biz kollektiv futbol nümayiş etdirib bu mərhələni adlamalıyıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq (qafqazinfo.az).