Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda "Qəbələ" evdə Tbilisi "Dinamo"sunu qəbul edir.
Newsport.az-ın xəbərinə görə, bu komandalar arasında Gücrcüstanda baş tutan ilk oyunda (1:2) baş vermiş hadisələr barədə məlumat vermişdik. Belə ki, bir qrup gürcü azarkeş azərbaycanlı tərəfdarların əlindən "Qəbələ" və Azərbaycan bayraqlarını almışdılar. Bundan əlavə bəzi gürcü azarkeşlər Boris Payçadze adına stadionun tribunasından Zaqatala və Balakən rayonlarının özlərinin tarixi əraziləri olmasıyla bağlı bannerlər də asmışdılar.
Komanda.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən cavab oyununda azərbaycanlı azarkeşlərin gürcülərə cavabı gecikməyib. Belə ki, bir qrup azarkeş oyuna ingiliscə "Marneuli yox, Sarvan!", "Borçalı tarixi Azərbaycan torpağıdı" yazılmış bannerlər açıblar. Bannerlər matçın 30-cu dəqiqəsində açılıb.
Plakatlar polislər tərəfindən dərhal yığışdırılıb. Bannerləri açan azarkeşlər isə polislər tərəfindən aparılıb.



