"Oyun həqiqətən çətin keçdi. İnanılmaz temp və ağıllı taktikanın olduğu matç idi. "Neftçi" yaxşı komandadır. Gənclərdən və avrokubok təcrübəsi olan futbolçulardan təşkil olunub".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Mladost"un futbolçusu Duşan Laqator Monteneqro mətbuatına açıqlamasında deyib.
Təcrübəli futbolçu növbəti mərhələyə yüksəldikləri haqda düşünməyin tez olduğunu bildirib: "Bakıda sərfəli nəticə qazandıq. Ancaq hələ mərhələ adlamamışıq. Bilirik ki, Podqoritsada bizi çətin oyun gözləyir. Mən komandama inanıram.
Təəssüf ki, cavab matçında oynayıb-oynamayacağımı dəqiq bilmirəm. Çünki ilk oyunun 63-cü dəqiqəsində zədə səbəbindən meydanı tərk etdim. Tibbi müayinədən sonra cavab matçında meydana çıxıb-çıxmayacağıma aydınlıq gələcək".