"Neftçi"nin baş məşqçisi Samir Əliyev UEFA Avropa Liqasının püşkünün nəticəsini dəyərləndirib.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, Avropa Liqasında yaxşı çıxış etməyə çalışacaqlarını deyib:
"Bildiyiniz kimi komandamız təzə yığılıb. Əsas məqsədimiz odur ki, bu qısa vaxt ərzində yaxşı hazırlaşaq və layiqli çıxış edək."
O bildirib ki, indiki vəziyyətdə dayaq yarımmüdafiəçi mövqeyində problemləri var:
"Erik Ramosla yanaşı, Kaue də ilk oyunda meydana çıxmayacaq. İkinci matçda isə o, bizə kömək edə biləcək. Ona görə çalışacağıq ki, birinci oyunda sərfəli nəticə əldə edək. İlk matçın hansı meydanda olmasının fərqi yoxdur. Biz öz oyunumuzun üzərində işləyirik. Oyunumuzu rəqibə görə qurmayacağıq. Səfər qarşılaşmasında sərfəli nəticə qazanmaq istəyirik. Ən azı məğlub olmamalıyıq".
Qeyd edək ki, "Neftçi" Avropa Liqasının birinci təsnifat mərhələsində Monteneqro təmsilçisi “Mladost”la qarşılaşacaq.