"Fikrimiz səngərdəki əsgərlərimizin yanında idi" - Qurban Qurbanov

Xəbər verdiyimiz kimi UEFA Avropa Liqasında pley-off oyununda Azərbaycan təmsilçisi "Qarabağ" komandası Polşada "Legiya"nı 3:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, artıq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" komandasının üzvləri Vətənə qayıdıb. Heydər Əliyev adına Hava Limanında ağdamlıların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin sualların cavablandırıb.

- Bu qələbədən sonra dərindən "ah" çəkib son vaxtlar üstünüzdə olan yükü, psixoloji gərginliyi ata bildinizmi?

- Öncə sizə təşəkkür edirəm ki, səhər tezdən bura gəlib komanda ilə maraqlandınız. Oyuna gəldikdə, həqiqətən çox vacib qələbə oldu. Dəfələrlə qeyd etmişəm, bəzən fikirlər olur ki, ardıcıl 3-4 il uğur qazandıqdan sonra 1 il uğur əldə etməsək də, bizi bağışlayarlar. Amma biz elə komandayıq ki, elə şəraitdə oyunlarımız olur ki, belə fikrə düşə bilmərik. Bu gün yükü üstümüzdən ata bildikmi? Əlbəttə, xeyr. Çünki bu, daim bizimlədir. Bəlkə də kənardan baxanda yük kimi görünür. Lakin inanın ki, biz sevə-sevə bu işi görmək, uğur qazanmaq istəyirdik. Qarabağ adının məsuliyyətini, üzərimizə düşən vəzifəni yaxşı bilirik. Komandanı hər oyuna düzgün hazırlamağa çalışırıq. Bu mövsüm avrokuboklarda 4 oyunumuz - 3-ü Çempionlar Liqasında, 1-i Avropa liqasında - oldu. Penaltilər seriyasını nəzərə almasaq, məğlubiyyətimiz olmadı. 4 oyunda cəmi 1 qol buraxdıq. Düşünürəm ki, bu, heç də pis nəticə deyil. Allah nəsib etdi ki, yenidən qrupa düşdük. Hazırkı vəziyyətdə, müharibə şəraitində bu, vacib qələbədir. Matçdan dərhal sonra futbolçularıma təşəkkürümü bildirdim. Onların üzərində həddindən artıq çox yük var idi. Bu oyunun məsuliyyətini hiss edirdilər. Bu, futbolçuların meydandakı çıxışından, üz ifadələrindən də hiss olunurdu. Nə qədər ki, futbol, idman var, bu yük üstümüzdən getməyəcək. "Qarabağ"da bu, ikiqat artıq olur. Azarkeşlərimiz daim bizdən qələbə gözləyir. Biz də öz növbəmizdə hər zaman Azərbaycanı, Qarabağımızı, Ordumuzu layiqincə təmsil etməyə çalışırıq. Son günlərdə əsgərlərimizin fədakarlığını düşünsək, əslində bizim etdiyimiz çox cüzi bir şeydir. Neçə-neçə analar övladsız, övladlar valideynsiz qalıb. Nə qədər desək ki, özümüzü tam olaraq oyuna kökləmişdik, fikrimiz burada idi, cəbhədən xəbərləri izləyirdik. Hər bir halda futbolçularımla fəxr edirəm ki, belə bir nəticə əldə edə bildik. Hətta oyundan öncə söhbətimiz oldu ki, bu gün burada legioner yoxdur, hamımız azərbaycanlıyıq. Bildirdik ki, hamı meydanda layiqli oyun göstərməli, bütün bacarığını ortaya qoymalıdır. Şükürlər olsun ki, sonda qələbə bizim oldu.

- İlk hissədə çoxsaylı qol epizodlarını boşa verdikdə “Mölde” ilə yaşanan ssenarinin təkrarlanması təhlükəsi barədə düşünmədiniz?
- İnanın ki, oyundan əvvəl məndə həyəcan daha çox olur, nəinki matçın gedişatında. Çünki oyunu soyuqqanlı idarə etməliyəm. Fasilədə müəyyən iradlarım ola bilər, ancaq uşaqları daha soyuqqanlı olmağa çağırıram. Əlbəttə, epizodlar boşa veriləndə müəyyən həyəcan olurdu. Çünki belə oyunları çox yaşamışıq ki, epizodları boşa verib yekunda məğlub olmuşuq.

- “Qarabağ”ı  tək yerliləri yox, əcnəbiləri də sanki səngərdəki əsgərlərə görə döyüşürdü...
- Bu yöndə xeyli söhbətlərimiz oldu. Hazırlıq prosesi oyun gününədək daha intensiv getdi. Matç günü isə futbolçuların rahat olması üçün bu yöndə çox söhbətlər aparmadıq. Görürdüm ki, futbolçularımız bu matça hazırdılar. Legionerlər isə özlərini əsl azərbaycanlılar kimi apardılar.

- Ardıcıl 6 dəfə qitəmiqyaslı yarışların qrupuna düşən “Qarabağ” üçün 7-ci analoji nəticənin xüsusi yeri var idimi?
- Sözün düzü, var idi. Bu, oyundan əvvəl də hiss olunurdu. Ajiotaj böyük idi. Komandadan hamı uğur gözləyirdi. Əlbəttə, biz ehtiyatlanırdıq. Çünki həddən artıq istəkli olanda futbolçu “yana” bilər. Mən onlara “afərin” deyirəm. Hətta 3:0 önə keçdikdən sonra da uşaqlar konsentrasiyanı itirmədilər və final fitinədək mübarizə apardılar. Bu da son günlərdə ordumuzun əldə etdiyi qələbələrin qarşılığı idi.

- “Mölde” ilə matçdan sonra komanda xeyli tənqid olunurdu. Amma buna baxmayaraq, bu sınaqdan üzüağ çıxmağı bacardı...
- Neçə il bundan əvvəl demişəm ki, ildən-ilə təcrübəmiz artır və belədə, həlledici məqamlarda  daha düzgün qərar vermək ehtimalımız artır. Bu gün də buna şahidlik etdik.

- “Sumqayıt”la matçdan sonra komandanızın yaxşı formada olmadığını demişdiniz. Dünənki matçı dönüş nöqtəsi kimi dəyərləndirmək olar?
- Komandanın yaxşı formada olması üçün bütün oyunçularının durumu yaxşı olmalıdı. Bir sıra aparıcı futbolçumuzun zədəli olması təbii ki, komandaya təsirsiz otüşməyə bilməz. Eyni zamanda, mövsümboyu futbolçu eyni formada ola bilməz.

- İrəliyə boylandıqda qrup mərhələsinin püşkatmasını görürük. “Qarabağ” da ikinci səbətdə yer alıb...
- İndidən yükləyirsiniz (gülür)? Bir qədər maraqlandım. Amma üçüncü səbətdəki komandaların əksəriyyəti 2-cidəkilərdən güclüdü. Bu da Avropa Liqasının spesifikasından irəli gəlir.

- Qısa zaman kəsiyində yeni transfer gözlənilirmi?
- Ola bilər, amma ehtimal çox azdı. Əksər ölkələrdə çempionatlar başlayıb. Ehtimal azdı.

- Bu heyətlə çətin olmayacaq qrupda mübarizə aparmaq?
- Bəli, çətin olacaq. Çünki həm millinin oyunları var, həm çempionatda oynayacağıq, həm də Avroliqada. Sıx təqvimdə oynasaq da, əlimizdəki futbolçulardan maksimum yararlanmağa çalışacağıq.

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right