Maksim Medvedev: "Həmin epizodda penalti qazanmağa gedirdim"

"Çətin qarşılaşma olacağını əvvəlcədən bilirdik. Hava şəraiti amili də var idi. Meydan demək olar ki, donmuşdu. Ötürmələrlə oynamaq bir az çətin idi. Ancaq bu çətinliklərə dözdük, öz oyunumuzu oynamağa başladıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə "Vorskla"ya qalib gəldikləri matçı dəyərləndirərkən deyib. Müdafiəçi komandanın oyunundan razı qaldığını bildirib:

- Maraqlı oyun keçirdi, meydanda mübarizə hiss olunurdu. Azarkeşlər də daha maraqlı olması üçün şou etdilər.  Fikrimcə, bu, bir tərəfdən yaxşı olmasa da, digər tərəfdən bizim xoşumuza gəldi. Baxmayaraq ki, paltardəyişmə otağına yollandıq, oyun bir qədər sonra yenidən başladı. Hər şey qaydasında idi, çünki hesabda öndə idik. Motivasiyamız da yerində idi. İstəyirdik ki, oyunun sonuna qədər rəqibimizlə mübarizə aparaq. Əfsuslar olsun ki, bu rəqibi doğma meydanda məğlub edə bilməmişdik. Yaxşı ki, cavab oyununda qələbə qazana bildik. Artıq komandada yaxşı əhval-ruhiyyə yaranıb.  Növbəti oyunlarda da daha yaxşı oynamalıyıq. 

- Oyunun dayanmağı motivasiya baxımından sizin xeyrinizə oldu?

- Əlbəttə, xeyrimizə oldu. Çünki rəqib hesabda geridə idi. İstəyirdilər ki, pressinq etsinlə və daha çox mübarizə aparsınlar. Səhv etmirəmsə, qarşılaşma 65-ci dəqiqədən etibarən 8 dəqiqə dayandı. Komanda olaraq soyunub-geyinmə otağına yollandıq və bir az istirahət etdik. Yenidən meydana qayıtdıq. Demək olar ki, oyunun dayanmağı bizim xeyrimizə oldu. 

- Oyunun dayandırılma ehtimalını əvvəlcədən düşünmüşdünüz?

- Sözün düzü, hadisəni birinci onların azarkeşləri başlatdı. Biz də bunu normal qarşılayırıq. Belə şeylərlə bizi təəccübləndirmək olmur. Oyunun davam edəcəyini fikirləşirdik. Sonra bizim azarkeşlər də bəzi vasitələrdən istifadə etdi. Ondan sonra isə oyun dayandı.  

- Qrupdakı şanslarını necə qiymətləndirirsiniz?

- Komandamızın aktivində 3 xal var. Bu da çox yaxşıdır. Çalışacağıq ki, digər iki çətin rəqibdən də xal alaq. "Vorskla" da bizim kimi mübarizə aparacaq. Biz "Arsenal" və "Sportinq" komandalarının səviyyəsini başa düşürük. Onlara qarşı oynamaq çox çətindir. "Sportinq"la doğma meydanda üz-üzə gələcəyik. Həmin oyunda da çox yaxşı hazırlaşmalıyıq.  

- Rəqib sizə qarşı qaydanı pozdu və penalti təyin olundu. Həmin epizod barədə nə deyə bilərsiniz?

- Birinci oyunda bizim qapıçımız səhvə yol vermişdi. Bu oyunda isə rəqib səhv etdi. Adi futbol epizodu idi. Müdafiəçi qapıçıya ötürmə verdi. Qapıçının topa müdaxilə etməsini gözlədim. Topa vurmaq istədim, o da mənə toxunmağa məcbur oldu. Əlbəttə ki, həmin an yerə yıxıldım. Həmin epizodda penalti qazanmağa gedirdim. 

- Meydan sürüşkən idi. Amma rəqiblə müqayisədə siz buna görə problemlə üzləşmədiniz.

- Əslində, biz də çox problem yaşadıq. Qapıçı arada bizə ötürmə verirdi, amma topa uyğun gedə bilmirdi. Çünki top ya bərk gəlirdi, ya da istiqamətini dəyişirdi. Ot örtüyü donmuşdu, həm də meydanı sulamışdılar.

- Ola bilər ki, bunu bilərəkdən etsinlər?

- Buna inanmıram. Qayda var ki, meydanı sulamaq lazımdır. Ona görə ot örtüyü donmuşdu. Biz də əziyyət çəkirdik. Tək biz yox, rəqib də çətinliklərlə üzləşirdi. Top çox sürətli gedirdi, saxlamaq və ötürmə vermək olmurdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right