Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qalib gələn (2:1) “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç oyun haqda fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Kiyevdəki məğlubiyyətdən sonra Ukrayna mətbuatı sizi çox tənqid edirdi. Bu qələbədən sonra bəraət qazana biləcəksiniz ki, “Qarabağ” sıradan komanda deyil?
- Bəli, “Qarabağ” adi komanda deyil. Biz ilk oyunla müqayisədə daha yaxşı oynadıq. “Qarabağ” Avroliqada yaxşı çıxış edir. Bizim üçün bu oyun çətin oldu. Ancaq rəqibi üstələdik.
- Bu gün “Dnepr”dən tam fərqli oyun gördük. Sizə elə gəlmir ki, “Dnepr” səfərdə daha rahat oynayır?
- Hər bir komanda azarkeşlərlə dolu stadionda daha yaxşı oynayır. Təəssüflər olsun ki, biz öz meydanımızda oynaya bilmirik. Dneprpetrovskidə daha yaxşı nəticələr qazanardıq.
- Sizə elə gəlmir ki, 1:1 daha ədalətli nəticə olardı. Sanki “Dnepr”in ikinci qolu təsadüfi oldu.
- Kiyevdə oyundan sonra bildirmişdim ki, uduzduq. Bu gün də deyirəm ki, qalib gəldik. Bizim daha bir neçə qol imkanımız oldu. Təsadüfi qələbə olmur.
- “Qarabağ”ın hansı çatışmayan cəhətləri var idi?
- Məncə, birinci təcrübəsizlik öz sözünü dedi. Ancaq komanda intizamlıdır. Yəqin ki, “Qarabağ”ın uğurları çox uzaqda deyil.
- Siz bilirsiniz ki, “Qarabağ” 21 ildir öz doğma şəhərində oynaya bilmir?
- “Qarabağ” Bakıda oynasa da, 30 min azarkeşi dəstəyi var idi. Ancaq biz Kiyevdə oynayanda “Qarabağ” azarkeşi bizimkindən çox idi.