"Slovan"nın məşqçisi Yaroslav Köstl Avropa Liqasının qrup mərhələsindəki rəqibləri "Qarabağ"ı Premyer Liqada AZAL-la oyunu izləyir.
O, matçın fasiləsi zamanı Newsport.az saytının əməkdaşının suallarını cavablandırıb:
- İlk hissədən sonra hesabın 3-0 olması gözünüzü qorxutmur?
- "Qarabağ" güclü komandadı. Fərdi ustalıqları ilə seçilən futbolçuları var. Misal üçün, Reynaldo, Riçard Almeyda, Kintana. Bunlar çox təhlükəli futbolçulardı.
- Sizcə, cütün favoriti kimdi?
- Mən "Slovan"ı təmsil etdiyim üçün, öz komandamı qeyd edə bilərəm. Amma "Qarabağ"ın "Viktoriya"ya qarşı hər iki oyununu izləmişəm. Həqiqətən də, Azərbaycan klubu çox yaxşı təsir bağışlayır.
- Razısızmı ki, "Viktoriya" ilə oyunda Çexiya klubunun bəxti gətirdi?
- Bəli, bununla razıyam. Əgər Migel Madera boş qapıya topu vura bilsəydi, "Viktoriya" üçün hər şey bitmişdi.
- Necə düşünürsüz, qrupun favoriti kimdi?
- Əlbəttə, "Fiorentina". Ancaq mən də "Slovan"lıyam. Ümid edirəm ki, bizim komandamız ikinci pilləni tutacaq. Bakı və Florensiya gözəl şəhərlərdi.
- İlk oyunu "Qarabağ"a qarşı oynamağınız sizin üçün üstünlükdü?
- Bəli. Bilirəm ki, bizimlə oyun "Tofiq Bəhramov "da yox, "Dalğa Arena"da baş tutacaq. "Dalğa Arena"da azarkeş tutumu az olsa da, "Qarabağ"ın fanatlarının komandalarına yüksək səviyyədə dəstək olacağını da bilirik.
- "Qarabağ"la ilk oyunda neçə xal qazanmağı hədəfləyirsiz?
- Hər iki oyunda 3 xal qazanmaq niyyətindəyik.