"Maribor"un futbolçusu: "Güclü bir komanda ilə qarşılaşacağıq"

“Çox böyük turnirdə güclü bir komanda ilə qarşılaşacağıq. Amma komanda şəklində yaxşı hazırlaşmışıq və belə olduqda da meydanda işin asanlaşır”. 

Newsport.az-ın məlumatına görə, bunu “Maribor”un futbolçusu Aleks Piler deyib.

Sloveniya təmsilçisi Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün “Qəbələ”nin qonağı olacaq. Qarşılaşma öncəsi klubun rəsmi saytına açıqlama verən 22 yaşlı yarımmüdafiəçi “qırmızı-qaralar”a qarşı oynamağın yollarını bildiklərini söyləyib: “Rəqibi yaxşı tanıyırıq. Onların oyun videolarını izləyib, təhlillər aparmışıq. Başa düşürük ki, bizi çox çətin sınaq gözləyir. “Qəbələ” beynəlxalq arenada kifayət qədər böyük təcrübəyə malikdi və Avropa üslubunda oyun göstərir. Meydanda möhkəm olmalı, rəqibə boş sahə verməməli və təhlükəli əks-hücumlar qurmalıyıq”.

Sloveniyanın gənclər millisinin sabiq üzvü “Qəbələ”ni oyununa görə, III mərhələdə mübarizədən kənarlaşdırdıqları “Aberdin”ə bənzədib: “Meydanda çox qaçırlar. Onlara qarşı cəld davranıb, uzun ötürmələrlə hücumçuların sürətinə bel bağlamalıyıq. Zəif nöqtələrindən faydalanmalıyıq. Əvvəlki mərhələlərdə keçirdiyimiz 4 oyunda qazanılan təcrübə bizə çox kömək edə bilər. Avropa Liqasının ritmini artıq tutmuşuq. Çünki 3-cü rəqiblə qarşılaşacağıq. Bu turnirdə oynamaq bizim üçün indi daha asandı. Amma etiraf edim ki, bu dəfə işimiz əvvəlkilərdən çətin olacaq. Çünki havanın temperaturuna da adaptasiya olmalıyıq. Oyun zamanı hava çox isti ola bilər. Ancaq hesab edirəm ki, hətta bu vəziyyət də oyunumuza ciddi təsir etməyəcək”.

Piler Bakıdan sərfəli nəticə ilə dönmək əzmində olduqlarını vurğulayıb: “Bundan öncəki mərhələlərdə “Levski” və “Aberdin” səfərindən 1:1 hesablı bərabərliklə dönmüşük. Ümid edirəm ki, bu dəfə 1:0 hesablı qələbə qazanarıq. Əlbəttə ki, qol vurmağa çalışacağıq. Əgər bu alınmasa, qapımızın toxunulmazlığını qorumalı və cavab görüşündə işi tamamlamalıyıq. Bakıda qazanacağımız istənilən müsbət nəticə evdə son nöqtəni qoymağımıza kömək edəcək”.(Apasport)

 

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək “Qəbələ” – “Maribor” görüşü saat 21:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right