Avropa Liqasında 1/16 final mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, 32 komandadan 24-ü Avroliqanın qrup mərhələsində ilk 2 yeri tutanlar olub. Digər 8 klub isə Çempionlar Liqasında öz qruplarını 3-cü yerdə başa vuranlardı. Dekabrın 14-də keçiriləcək püşkatma mərasimi üçün səbətlərin tərkibi də müəyyənləşib:
Səpələnmişlər: "Bayer" (Almaniya), "Mançester Yunayted" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), "Porto" (Portuqaliya), "Atletik" (İspaniya), "Bazel" (İsveçrə), "Braqa" (Portuqaliya), "Krasnodar" (Rusiya), "Latsio" (İtaliya), "Liverpul" (İngiltərə), "Lokomotiv" (Rusiya), "Mölde" (Norveç), "Napoli" (İtaliya), "Rapid" (Vyana, Avstriya), "Tottenham" (İngiltərə), "Şalke" (Almaniya)
Səpələnməmişlər: "Valensiya" (İspaniya), "Qalatasaray" (Türkiyə), "Sevilya" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Anderlext" (Belçika), "Auqsburq" (Almaniya), "Borussiya" (Dortmund, Almaniya), "Vilyarreal" (İspaniya), "Marsel" (Fransa), "Midtüland" (Danimarka), "Sent-Etyen" (Fransa), "Sparta" (Praqa, Çexiya), "Sportinq" (Portuqaliya), "Syon" (İsveçrə), "Fənərbaxça" (Türkiyə), "Fiorentina" (İtaliya)
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Püşk nəticəsində 16 cütlük formalaşacaq. 1/16 final mərasiminin oyunları 2016-cı il fevralın 18-də və 25-də baş tutacaq.
UEFA qaydalarına görə, eyni ölkənin 2 təmsilçisi və qrupda birgə çıxış etmiş komandalar 1/16 finalda bir-birinə rəqib ola bilməz. Bununla yanaşı, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna komandaları bir-birinə rəqib ola bilməyəcək.