Qurban Qurbanov: "Bizim üçün yaxşı təcrübə oldu"

"Əfsuslar olsun ki, uduzduq. Rəqibə növbəti oyunlarda uğurlar arzulayıram. Hər bir futbolçuma "sağ ol" deyirəm. Güclü qrupa düşməyimizə baxmayaraq, oyunçularım rəqiblərdən çəkinməyərək yaxşı nəticə üçün əllərindən gələnin artığını etdilər". 
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Anderlext"ə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun çalışdırıcısı matçla bağlı fikirlərini bölüşdürdükdən sonra media nümayəndələrinin suallarını cavablandırıb.
 
- Qrup oyunları bizim üçün yaxşı təcrübə oldu. Top-komandalara qarşı oynayaraq futbolçularımızda özünəinam daha da çoxaldı. İki düşünmədiyimiz epizoddan qollar buraxdıq. Bu cür komandalar belə fürsətləri əldən vermirlər. Məğlubiyyətə baxmayaraq, komandamın oyunundan razı qaldım. İstirahətə vaxtımız yoxdur. İki gündən sonra çempionat oyununa çıxacağıq. Bu, bizim işimizdir".

 

- Komanda 5 dəqiqədə iki qol buraxdı. Sizcə, buna nə səbəb oldu? Futbolcularda arxayınçılıq yarandımı yoxsa?

- Futbolda bəzən düşünmədiyin epizodlar olur. Hər iki epizodda rəqib futbolçunun ustalıq səviyyəsi oldu. Okakadan top almaq çox çətin idi. Komandamda arxayınçılıq və ya diqqətsizliyin olduğunu söyləməyim düzgün çıxmaz. Çünki sonadək diqqətli oynamağa çalışdıq. Rəqib kiçik boşluqdan istifadə edərək qollar vurdu. Qismətimiz belə oldu. 

- Ötən mövsüm 7 xal, bu il isə qrupu 4 xalla başa vurdunuz. Müqayisə etsək, hansı mövsüm daha uğurlu çıxış etdiyinizi düşünürsünüz?
- Qrupda 4 xalımız olsa da, növbəti mərhələyə yüksəlmək şansımız var idi. Ötən mövsüm isə 7 xal da bizə kifayət etmədi. Əfsuslar olsun ki, qrupdan çıxmağı bacarmadıq. Gücümüzün çatmadığını və ya bəxtimizin gətirmədiyini söyləməyim doğru olmaz. Rəqiblərimizin Avropa təcrübəsi daha böyükdür. Ən azından rəqiblə başabaş mübarizə apardıq. "Anderlext" 20-30 il öncə bu səviyyədə oynamağa başlayıb. Biz isə hələ indi başlayırıq. Rəqiblərimizin həm büdcəsi, həm də futbolçu seçimləri bizdən çoxdur. Onların ölkə çempionatları da yüksək səviyyədədir. Əgər ölkə çempionatına maraq artsa, daha yaxşı nəticələr qazanacağıq və qrupdan da çıxacağıq. 

- Bugünkü oyunda komandada bəzi mövqelərdə səhvlər oldu. Zədəli oyunçulardan kimləri meydanda görmək istəyərdiniz?
- Məncə, bu gün "Anderlext"ə daha çətin oldu, nəinki bizə. Ola bilsin rəqibin və azarkeşlərin təzyiqi oldu. Ancaq futbolçularım bu təzyiqdən rahat çıxdılar. Bəzən səhvlər də olur. Rəqib də səhvlər edir, biz də. Deyə bilmərəm ki, meydanda hansısa futbolçumuz olsaydı, qələbə qazanardıq. Təbii ki, zədəli futbolçular hazırda sərəncamımda olsaydı, daha yaxşı çıxış edərdik. Ancaq hər bir futbolçumun göstərdiyi oyunundan və xarakterindən razıyam. Sadəcə olaraq rəqib imkanlarından maksimum istifadə etdi və qolları vaxtında vurdu. Hakim də "pis" deyildi. Məncə, Armenterosa qarşı cərimə meydançasında qayda pozuntusu var idi. Ancaq referi penalti təyin etmədi.   

- Qış transfer pəncərəsi açılmasına az qalır. Yeni oyunçu axtarışlarına baslamısınızmı?
- Transfer həmişə etmək istəyirik. Bəzən çətinliklər olur. Düşündüyümüz oyunçunu tapa bilmirik. Qış pəncərəsində transfer həyata keçirmək çətindir. Çünki demək olar ki, hamısının klubu ilə müqaviləsi olur. Bizə klub olaraq sərf edir ki, müqaviləsiz futbolçunu alaq. Daima axtarışdayıq. Hazırda o səviyyədə deyilik ki, milyonlarla pul verib müqaviləsi davam edən futbolçunu alaq.

 
(Qol.az)




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right