Avropa Liqasının qrup mərhələsinin son oyununda evdə "Krasnodar"a məğlub olan (0:3) "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Newsport.az-ın məlumatına görə, Qriqorçuk belə danışıb:
- Avrokuboklar bizim üçün bitdi. Düşünürəm ki, qrup mərhələsində elə də pis təsir bağışlamadıq. İndi ancaq gələcək oyunlar barədə düşünməliyik.
- Bundan öncəki oyunlarda yerli futbolçular həmişə sonradan oyuna daxil olub. Bu oyunda bir neçə azərbaycanlı futbolçuya əsas heyətdə şans vermək olmazdı?
- Mən başa düşə bilmirəm, axı niyə komandanı azərbaycanlılara və azərbaycanlı olmayanlara bölməliyik? Bunları müzakirə etməyi başa düşə bilmirəm. Biz bir komandayıq. Çempionatda müəyyən limit var və buna əməl edirik. O ki qaldı avrokuboklara, oyundan öncə kimlər hazırdısa, onlar da çıxış edir.
- Oyundan sonra futbolçulara nə dediz? Bir də komandanın ikinci hissədə zəif təsir bağışlamasının səbəbi nə idi?
- Mən futbolçulara dedim ki, onlara oyunlarından razı qaldıqlarını dedim. Onlara "afərin" dedim. Birinci hissəyə yaxşı başlamışdıq. Ancaq ikinci hissədə oyunumuz alınmadı. Fasilədə Popoviçə dedim ki, belə anlarda futbolçu daha da möhkəm olmalıdı.
- Futbolçular AL-nın qrup mərhələsində daha çox pul qazandı, ya təcrübə?
- Düşünmürəm ki, hansısa futbolçu pul barədə düşünsün. Hətta Dodo kimi bəzi oyunçular var idi ki, oyundan öncə xəstə olsa da, oynamaq istədiklərini dedilər. Fikrimcə, Avropa Liqasında futbolçularım daha çox təcrübə qazandılar.