"İlk 15-20 dəqiqədə "Kuban" əla oynadı. Bizə hücum etmək çətin idi. Buna görə də qapımızda iki qol gördük. Lakin sonrakı dəqiqələrdə daha yaxşı oynayaraq 3 qol vurduq və lazım olan 3 xal qazandıq".
Newsport.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Krasnodar"ın baş məşqçisi Oleq Kononov Premyer Liqanın 18-ci turunda "Kuban"a qalib gəldikləri oyundan (3:2) sonra deyib.
49 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyuna da toxunub: "Qəbələ" ilə oyun bizim üçün önəmli matçdır. Bakıdakı görüş bizim üçün ilin son oyunu olacaq. Bilirik ki, həmin oyun bizim qrupdakı mövqeyimizi müəyyənləşdirəcək. Qrupu lider başa vurmaq istəyirik. Bunun üçün də qələbə qazanmalıyıq. Ümid edirəm ki, hər şey yolunda gedəcək".
Qeyd edək ki, dekabrın 10-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" oyunu saat 22:00-da başlayacaq.