Qurban Qurbanov: “Real baxmaq lazımdı, çox çətindi”

"Əlbəttə, evdəki son oyunda məğlub olmaq istəməzdik. Amma təəssüf ki, istədiyimiz alınmadı”.

 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Avropa Liqasının qrup mərhələsi çərçivəsində evdə "Tottenhem”lə qarşılaşan Ağdam təmsilçisi 0:1 hesablı məğlubiyyətə üzüldü. Bununla da komandamız növbəti mərhələ şansını çətinə saldı. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında "Qarabağ”ın çalışdırıcısı komandasının çıxışını dəyərləndirib: 
 
- Fərqli oyuna üstünlük vermişdik. Düşündüyümüz kimi də oldu. "Tottenhem”i təbrik edirəm. Futbolçularıma təşəkkür etmək istəyirəm. Çətin oyunda çalışdılar ki, sona qədər mübarizə aparsınlar. Ustalıq səviyyəsi yuxarı olan futbolçulara qarşı çıxış etdilər. Azarkeşlərimizə təşəkkür edirəm. Bütün görüşlərdə bizi dəstəklədilər.
 
- Ötən mövsümün son turundakı kimi, eyni vəziyyət yaranıb. İndi daha çətindi, yoxsa komandanın təcrübəsi indi daha çoxdu?
- Püşk atılanda komandaların gücünün fərqində idik. Futbolçularım əllərindən gələni etdilər. Təcrübəmiz də var. Amma təqvimin sıxlığını da nəzərə almaq lazımdı. Sona qədər çatdırmaq çətindi. Təcrübəmiz ildən-ilə artır. Yəqin ki, İngiltərə klubuna qarşı oynamaq özü bir təcrübədi. Amma təcrübə 1-2 ilə toplanılmır. Belə rəqiblərə qarşı gərək illərlə mübarizə aparasan.
 
- Növbəti mərhələyə vəsiqə qazanmaq şansı varmı?
- Var desəm, yalan olar, desəm yoxdu, yenə yalan olar. Real baxmaq lazımdı, çox çətindi.
 
- Biz "Qarabağ”dan çox şey gözləyirik?
- Bir tərəfdən buna şad oluram. Çox şey gözləyirsiz. Buna təkcə siz yox, futbolçular da inanmalıdı. Bəzən zəif olsan da, xarakter hesabına güclüyə qalib gələ bilirsən. Uğur gözləməklə, düz edirsiz. Başqa cür inkişaf olmaz.
 
- Nəticə oyuna görə oldu?
- Qol epizodlarını düşünsək, şanssızlıq oldu. Amma rəqib bizdən güclü idi. Onların gücünə görə oyun qurmuşduq. 3-4 real qol epizodumuz oldu. Nəticə oyuna görə oldu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right