“Qəbələ”nin müdafiəçisi Vojislav Stankoviçin müsahibəsi
- Sabah “Qəbələ” Avroliqanın qrup mərhələsi çərçivəsində “Borussiya” ilə qarşılaşacaq. Qarşıdakı matçla bağlı nə deyə bilərsən?
- Bizi çox çətin oyun gözləyir. “Borussiya” güclü komandadır. Üstəlik, hazırda çox yaxşı formadadır. Əlimizdən gələni edəcəyik ki, səfərdən uğurlu nəticə ilə qayıdaq.
- “Borussiya”nın son oyunlarda çox qol vurması “Qəbələ”ni narahat edir?
- Biz bura yaxşı oyun sərgiləmək üçün gəlmişik. Komandada istək var. Bütün komandamız işinə peşəkar cəhətdən yanaşır. “Borussiya”nın çox qol vurmasını özümüz üçün dərd etmirik.
- Əvvəlki matçdan fərqli olaraq, Henrik Mxitaryan bu dəfə meydana çıxacaq...
- “Borussiya” təkcə Mxitaryandan ibarət deyil. Dortmund klubunun heyətində yaxşı futbolçular var. Bu baxımdan Obameyanq, Roys və digərlərinin adını çəkmək olar. Onları dayandırmaq üçün maksimum gücümüzü sərf edəcəyik.
- Sabahkı matçda Stankoviç müdafiənin mərkəzində kiminlə oynayacaq: Rafael Santosla, yoxsa Vitali Vernidubla?
- Bilmirəm. Buna baş məşqçi qərar verəcək.
- Yaxşı, onda sualı belə qoyaq: onlardan hansı ilə oynamaq sənin üçün daha rahatdır?
- Fərq etmir. Hər ikisi işinin peşəkarıdır.
- Bakıdakı matçda 3 qol vuran Obameyanqın qarşısını kəsmək üçün xüsusi planınız var?
- Həqiqətən də o çox yaxşı formadadır. Obameyanq Avropada hazırda ən yaxşılardan biridir. Onu bağlamaq çətin olacaq. Lakin əlimizdən gələni edəcəyik ki, bu dəfə Obameyanq istədiyi kimi oynamasın.
- Bəs, 60 min azarkeşin qarşısında oynamaq səni narahat edir?
- Bu baxımdan problem olmayacaq. Çünki daha əvvəl “Partizan”da çıxış edəndə stadionda dəfələrlə anşlaq görmüşəm. Bu, “Qəbələ” üçün də stimul ola bilər. Bu qədər azarkeşin qarşısında oynamaq hər bir futbolçu üçün motivasiyadır.
- Dortmunda hansı nəticə “Qəbələ” üçün sərfəlidir?
- Biz hər oyuna yalnız qələbə üçün çıxırıq. Rəqib “Borussiya” olsa belə, məğlubiyyəti əvvəldən qəbul etmirik. Real yanaşsaq, burada qeydə alınacaq heç-heçə də pis nəticə olmayacaq.
futbolxeber.az