"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı oyundan (1:3) sonra Newsport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Rəqib barədə çox danışmaq istəmirəm. "Borussiya" dünya səviyyəli komandadır. Təbii ki, bizim üçün onlara qarşı oynamaq çox çətin idi.
- Amma "Qəbələ" oyuna çox yaxşı başlamışdı...
- Birinci və ikinci hissə bir-birindən çox fərqli alındı. Biz ilk dəqiqələrdən əks-hücum futboluna üstünlük verməyə başladıq. Amma hücuma keçərkən geriyə qayıtmaq bizdən çox güc alırdı.
- Komandanızın bu qədər qol vəziyyəti yaratdığı halda onlardan yararlana bilməməsinə nə mane oldu?
- Arzuladıqlarımızla nəticə tam fərqli oldu. Birinci hesabı biz açsaydıq, arxayınlaşa da bilərdik. İstənilən halda biz şansları əldən verdik, rəqib isə yox.
- Matçın sonunda siz təsəlli qoluna imza ata bildiniz...
- Şadam ki, qol vurdum. Amma bu qolun bizə nə xal, nə də qələbə qazandırmaması üzücü oldu. Ona görə də xüsusi sevinc hissi keçirmirəm.
- Sizə elə gəlmir ki, bu məğlubiyyətdən sonra "Qəbələ"nin qrupdan çıxmaq şansları tamamilə azaldı?
- Xeyr, hələ şansımızı itirməmişik. Qarşıda üç oyun var ki, həmin görüşlərdə xal qazanıb, vəziyyətimizi yaxşılaşdıra bilərik. Gənc komandamız var, tədricən təcrübə toplayırıq. Nə vaxtsa Avroliqanın qrup mərhələsində oynamağı arzulayırdıq. İndi isə bu turnirdə çıxış edirik.