Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, son Azərbaycan çempionu "Qarabağ" evdə "Anderlext"i 1:0 hesabı ilə məğlub edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib:
“Dünəndən belə mübarizə aparmaq üzərində düşünürdüm. Komandamdan razıyam. Rəqib çox sürətli komandadı. Son zamanlar heç vaxt belə komandaya qarşı oynamamışdıq. Hər kəsi təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Qrupdakı komandalar hamısı güclüdü. Azarkeşlərimizi sevindirdiyimiz üçün şadam. Jurnalistlərdə də həyəcan çox idi. Dünən bunu hiss edirdim. Hamımızın istəyi bir olsa, güclü rəqibə qalib gələrik. Çox şadam”.
"İbrahim Şehiçə özünü yığışdırmasını deyəcəksiz?" sualına təcrübəli çalışdırıcı belə cavab verib: “Bir insanın üzərinə çox gedəndə o potensialını itirə bilər. O həmin Şehiçdi ki, qələbə qazanmaqda bizə çox kömək edib. Ona güvənmək lazımdı. Çünki potensialı olan insana şərait yaratmaq lazımdı. Səhvlər olur. Gəlin onun səhvsiz çıxış etdiyi vaxtları fikirləşək. Məncə, o, bu səhvləri düzəldəcək. Siz kənardan baxırsız, onun daxildə nələr düşündüyünü bilmirdik”.
Mütəxəssis meydançanın vəziyyəti ilə bağlı da danışıb: “Meydançanın vəziyyəti keçmişə baxanda daha yaxşı idi”.
“Qarabağ” “Anderlext”ə oynamağa imkan vermədi, ya rəqib bunu gözləmirdi?” sualına Qurbanov belə cavab verib: “Biz birinci hissədə daha yaxşı oynadıq. Top saxladıq. Rəqibin heyətində fiziki gücü çox olan futbolçular var. Bizim fiziki gücümüz sona qədər çatmadı. Bunu etiraf etmək lazımdı. Topsuz oynamaq bizə çox əziyyət verdi. Belçika klubunda çox güclü futbolçular var. Dünən də dedim ki, bu komanda seleksiya işində çox güclüdü. Bu gün düşüncələrimizin çoxu həyata keçdi”.