Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, son Azərbaycan çempionu "Qarabağ" evdə "Anderlext"i 1:0 hesabı ilə məğlub edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Besnik Hasi məğlubiyyəti belə şərh edib:
“Avropa belədi ki, bir komanda 45 dəqiqə oynayırsa, 6 qol şansını boş verirsə, qələbə qazana bilmir. Birinci hissədə zəif oynadıq. Mentalitet yerində deyildi. İkinci hissədə özümüzə gəldik və artıq gec idi. Qolda qapıçı Silvio Protonun səhvi olub-olmadığını deyə bilmərəm. Çünki əvəlcə müdafiəçilər zərbəyə imkan verməməli idilər. “Qarabağ”ın 2 şansı oldu və bundan istifadə etdi. Bizim 6 epizodumuz olsa da, vura bilmədik. Əslində 1 qol vurduq, amma hakim saymadı. Referinin bu qərarından narazıyam”.
Çalışdırıcı komandasının qol vurmaq probleminin odluğunu və bunun üzərində işləyəcəklərini deyib: “Qol vurmaq problemi üzərində işləyəcəyik. Şanslarımız var idi, amma yararlana bilmədik”.
“Qrupdan çıxmaq perspektivinə necı baxırsız?” sualına Hasi belə cavab verib: “Biz ilk iki turda heç də zəif rəqiblərlə üz-üzə gəlmədik. “Monako” ilə oyunda 2 xal itirdik. Avropada axıra kimi oynamaq lazımdı. 45 dəqiqə yaxşı oynamaqla iş bitmir”.