Krasnodarda qələbənin dəyəri

“Qəbələ”mizə tarixində ilk dəfə çıxış etdiyi Avropa Liqasının qrup mərhələsini ilk səfər sınağını Rusiyada keçirmək qismət olub. Həmin Rusiya ki, onun da çempionatı bizimki kimi Premyer Liqa adlanır. Həm “Qəbələ”, həm də onun bugünkü rəqibi olan “Krasnodar” öz Premyer Liqalarında son mövsümün bürünc medalçısıdır. Yəni “Kuban” stadionda bu gün bir növ “bürünc savaşı” olacaq.

İki "cəhbə"də fərqli komanda

Rəqiblər tarixlərində ən yaxşı dövrlərini məhz indiki baş məşqçilərinin dövründə keçirir. Təsadüfi deyil ki, hər 2 komandaya ilk medalı, qrupa ilk vəsiqəni qazandıran hazırkı çalışdırıcıları olub. Bunlar isə Ukraynada işlədikləri dövrdən bir-birləyini yaxşı tanıyan Roman Qriqorçukla Oleq Kononovdur.

Artıq ikinci gündür olduğumuz Krasnodarda ilk səfər sınağımızın intizarındayıq. Matç saatı yaxınlaşdıqca həyəcan daha da artır. Təbii ki, rəqibin heyəti, çıxış etdiyi çempionatın səviyyəsi və öz meydanında oynaması ona əlavə üstünlük verir və şanslarını artırır. Ancaq digər tərəfdən, cari çempionatda heç özünə bənzəməyən, evdə cəmi 1 qələbəsi olan “Krasnodar” qeyri-sabit çıxış edir və turnir cədvəlində yalnız 9-cu yerdədir.

İstənilən halda, bu, arxayınçılığa əsas verməməlidir. Görünür, legioner limiti Oleq Kononovun komandasına daxili yarışlarda mənfi təsir göstərir. Avrokuboklarda isə belə limit olmadığından, heyəti istənilən kimi qurmaq, daha çox legionerlərə güvənmək imkanı yaradır. Təsadüfi deyil ki, təsnifat mərhələsində uduzmayan, ilk məğlubiyyətini Dortmundda “Borussiya”dan alan (özü də 1:2 hesabı ilə uduzduğu matçda hesabı açdığı halda) “Krasnodar” Avropa arenasında daha inamlı təsir bağışlayır.

Ruslara qarşı susqunluğumuz və Vaqif Cavadov amili

“Qəbələ” isə həm cari çempionatda liderlər qrupundadır, həm də Avropa Liqasında uğurla çıxış edir. Bunun nəticəsidir ki, turnirdə son 6 oyunda uduzmamış, çətin Kipr və Yunanıstan səfərlərindən nəticə ilə qayıtmışıq. Qrupumuzda vəziyyət elədir ki, Krasnodardanın qələbənin dəyəri böyükdür. Xalı olmayan Oleq Kononovun komandasını məğlub etmək onu 4 xal qabaqlamaq demək olacaq. Razılaşın ki, bu, böyük üstünlükdür və 2-ci yer uğrunda rəqiblərdən biri xeyli geridə qoymuş olacağıq. Üstəlik, həmin “Krasnodar”la qalan oyunumuz son turda evdə olacaq.

PAOK-un isə qrupumuzun aşkar favoriti olan “Borussiya”ya bu gün uduzmaq ehtimalının böyük olduğunu nəzərə alsaq, “Qəbələ” 4 xalla rəqiblərindən aralana, 2-ci pillədə mövqeyini möhkəmlədə bilər. Qarşıda “Borussiya” ilə ardıcıl 2 çətin oyunumuzun gəldiyini nəzərə alsaq, xal ehtiyatını indidən artırmaq vacibdir. Krasnodarda heç-heçə də pis nəticə sayılmayacaq. Hər halda, "Qəbələ" yenə “Krasnodar”dan irəlidə olacaq və meydan sahiblərinin vacib 2 xal itkisinə məruz qaldığını deyə bilərik.

Bugünkü matçda statiktik məqamlar da müsbət nəticə qazanmağa böyük stimul verir. Axı ruslara avrokuboklara hələ nə qalib gəlmişik, nə də qol vurmuşuq. Deməli, bu gün iki ilkə birdən imza atmaq olar. Ümumiyyətlə, şimal qonşularımıza qoları yığma səviyyəsində vurmuşuq ki, onun da müəllifi hazırda “Qəbələ”dədir. Söhbət Rusiya futbol publikasına yaxşı tanış olan, Moskva MOİK-inin yetirməsi, hələ “Volqa”nın heyətində “Krasnodar”a rəqib olmuş hücumçu Vaqif Cavadovdan gedir. Onun Krasnodara gələn heyətdə yer alması, meydana çıxmaq şansının olması seriyasını davam etdirmək imkanı verir.

Qriqorçuku qane edən, Krasnodara qalib gəldiyimiz 5:0 hesabı

Krasnodar təmsilçisi sonuncu rəsmi oyunumuz isə “Krasnodar”ın prinsipial rəqibi, hələ SSRİ dövründə yaranan “Kuban”la olub. Bu matç Vaqifin anadan olduğu 1989-cu ildə I liqada olub. İndiki kimi payız ayında keçirilən həmin matçda “Neftçi”nin 5:0 hesablı qələbəsi qeydə alınıb. Mən bu oyunu və nəticəni əbəs yerə xatırlatmadım. Axı Qriqorçukun turnirdə cari mövsümdə debüt matçını keçirdiyimiz Tiflisdəki mətbuat konfransında dostum Ceyhun Əliyevin verdiyi suala 5:0-lıq qələbəni onu qane etməsi cavabı artıq dillər əzbərinə çevrilib. Dünən oyunöncəsi mətbuat konfransında da bu haqda suala cavab verən Roman İosifoviç gülərüzlə yenə 5:0-ın onu qane etdiyini açıqladı.

Əlbəttə, bugünkü matçda bu hesab real görünmür. Əslində, bizi Krasnodarda istənilən hesablı qələbə qane edir. Təki qələbə olsun! İnşallah, Afinadan olduğu kimi Krasnodardan da sevinclə, yüksək əhval-ruhiyyəylə qayıdarıq!

Mehman Suleymanov.Krasnodar





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right