"Oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Şükürlər olsun ki, Azərbaycan xalqını sevindirə bildik. Komandamla qürur duyuram"
Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Toral Bayramov Avropa Liqasının 6-cı turunun "Hekken"lə görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Pley-offda rəqibinizin hansı komanda olmasını istəyərdin?
- Rəqib kim olur-olsun oyunumuzdan əl çəkən deyilik. Pley-off mərhələsində məqsəd həmin komandanı keçmək olacaq. Əlimizdən gələni edəcəyik ki, irəli gedək.
- Paltardəyişmə otağında nələr yaşandı, Qurban Qurbanov sizə nə dedi?
- Təbrik etdi. Tarixi uğurla bağlı hisslərini bizimlə bölüşdü, hamımızı öpdü, bağrına basdı. Komanda ilə qürur duyduğunu dedi.
- Xankəndidə tarixi oyun olacaq. Bu haqda düşüncələrin necədir?
- Bundan əvvəl "Neftçi" ilə oyunumuz var. Daha sonra Xankəndidəki matçı düşünəcəyik.