“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqovun Newsport.az saytının Krasnodar şəhərinə ezam olunan əməkdaşına müsahibə verib.
- Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Krasnodar”ın qonağı olacaqsız. Rəqib barədə nə bilirsiz?
- Əvvəla qeyd edim ki, matça ciddi hazırlaşmışıq. Hər komanda özünə görə futbol oynamağa çalışır. Baş məşqçimiz də oyunu yaxşı təhlil edib. “Krasnodar” Rusiya Premyer Liqasında mübarizə aparan komandadı. Məncə, məhz bu amil rəqibin gücündən xəbər verir. Nəzərə alaq ki, bu komanda Rusiya çempionatından Avropa Liqasına vəsiqə əldə edib. Ancaq bütün bunlar gözümüzü qorxutmur. Bizim də artıq müəyyən dərəcədə Avropa təcrübəmiz var. Əlimizdən gələni edəcəyik ki, Bakıya qələbə ilə qayıdaq. Fikrimcə, bunu bacaracaq potensialımız var.
- Baş məşqçiniz Roman Qriqorçuk “Krasnodar”ın olduqca təhlükəli komanda olduğunu bildirib. Siz bu barədə nə düşünürsüz?
- Oyunlarına baxmışıq. Çox güclü rəqibdi. Məncə, “Krasnodar” PAOK-dan güclüdü. Adətən uğura “ac” komandalar daha təhlükəli olurlar. Düzdü, “Krasnodar”ın da adını bu baxımdan vurğulamaq olar. Amma “Qəbələ” daha “ac” komandadı. Canavar kimi acıq. Çalışacağıq bu amil bizim xeyrimizə işləsin və qələbə qazanaq.
- “Krasnodar”ın oyununu təhlil etdiyinizi dediz. Rəqibin üstün cəhətləri hansılardı?
- Çox yaxşı komplektləşmiş, sürətli oyunçulara malik komandadı. Çox oyunlarını izləmişik. Qrup mərhələsində iştirak etməyə layiqdilər. Bir daha təkrarlamaq istəyirəm ki, oyununa görə, PAOK-dan çox üstündülər. Amma biz də zəif komanda deyilik. Rusiyaya 3 xal məqsədi ilə gəlmişiksə, deməli, özümüzə güvənirik.
- “Qəbələ” “Krasnodar”ı nəyin hesabına üstələyə bilər?
- Ən üstün cəhətimiz nizam-intizamlı, səliqəli futbol oynamağımızdı. Roman Qriqorçuk möhkəm kollektiv formalaşdırıb. İstənilən rəqibə başağrısı olacaq dərəcədə güclü komandayıq. Rəqibin kimliyindən asılı olmayaraq, hər bir komandadan xal almaq iqtidarındayıq.
- Mövsüm başlayandan sıx qrafikdə çıxış edirsiz. Yorğunluq yoxdu ki?
- Xeyr, yorğun deyilik. Çünki son qarşılaşmamızı sentyabrın 25-də keçirmişik. “Krasnodar”la görüşlə arada 5 gün vaxt olub. Bərpa olunmaq üçün məncə, bu, kifayət qədər çox vaxtdı.
- Avropa Liqası ilə yanaşı, Premyer Liqada da mübarizə aparırsız. Yəni ən azı yanvara qədər öyrəşmədiyiniz qrafikdə çıxış edəcəksiz. Bunun nə kimi mənfi təsiri ola bilər?
- Düşünmürəm ki, bunun bizə bir mənfi təsiri olar. Onsuz da, Avropada əksər komandalar bu tempdə çıxış edirlər. Məncə, əksinə, bu cür oynamaq daha faydalı olar. Nə qədər çox futbol oynsaq, bir o qədər çox formada qalarıq. Artıq oktyabr ayına giririk. Ancaq hələ də bir mənfi təsir hiss etməmişik. Avrokubokla yanaşı, Premyer Liqada da işimiz yolunda gedir. Komanda fiziki cəhətdən bu gərginlikdən çıxacaq gücdədi.