UEFA-nın rəsmi saytında Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunun Bakıda keçiriləcək “Sabah” – “Slaviya” (Praqa) oyunundan əvvəl əsas statistika və faktlar təqdim olunub.
Newsport.az xəbər verir ki, bu, komandaların ilk görüşü olacaq və “bayquşlar” Çexiya klubu ilə ilk dəfə qarşılaşacaq.
UEFA qeyd edir ki, “Slaviya” indiyə qədər Azərbaycan klublarına qarşı dörd oyun keçirib və hamısını məğlubiyyətsiz başa vurub (üç qələbə və bir heç-heçə).
2000/2001 mövsümünün Çempionlar Liqasının seçmə mərhələsinin ikinci turunda Praqa klubu “Şəmkir”i ümumi hesabla 5:1, 2006/2007 mövsümünün UEFA Kubokunun eyni mərhələsində isə “Karvan”ı ümumi hesabla 2:0 hesabı ilə məğlub edib. Qurumun saytında həmçinin, Azərbaycan çempionunun evdəki güclü oyunu qeyd olunur: seçmə mərhələ də daxil olmaqla, “bayquşlar” bu mövsüm evdə dörd oyun qazanıb. Top fərqi 12:2-dir.
“Sabah”ın 23 Avropa oyunundan heç biri qolsuz heç-heçə ilə başa çatmayıb və son dörd oyunda 18 qol vurulub (orta hesabla hər oyunda 4,5).
Maraqlıdır ki, “Slaviya”nın isə mənfi göstəricisi var: onlar ardıcıl 20 Çempionlar Liqası oyununda qələbə qazanmayıblar. Onların son qələbəsi 2007-ci ilin sentyabrında “Styaua”ya qarşı olub (2:1). Bundan əlavə, “qırmızı-ağlar” heç vaxt səfərdə Çempionlar Liqası oyununda qalib gəlməyiblər (4 heç-heçə və 6 məğlubiyyət).
“Sabah” – “Slaviya” matçı 10 oktyabrda Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.