Buxarest “Rapid”inin sahibi Viktor Angelesku yay fasiləsində komandadan ayrılaraq “Neftçi”nin sükanı arxasına keçən Adrian Mutunun kluba dönmə ehtimalını dəyərləndirib.
Newsport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, futbol funksioneri bunun mümkünsüz olmadığını bildirib.
Mutu ilə münasibətlərinin qaydasında olduğunu söyləyən Angelesku 44 yaşlı mütəxəssisin məsələsinə gələcəkdə baxa biləcəklərini gizlətməyib:
“Həm Mutu, həm də indiki baş məşqçisi Kristiano Berqodi bizim seçimimiz idi. Əvvəldən onlara çox güvənirdik. Əslində, Mutu ilə yola davam etmək istəyirdik, il yarımlıq müqaviləmiz qüvvədə idi. Onunla münasibətimiz çox gözəldir. Hətta 1-2 həftə əvvəl danışmışıq. Ümid edirəm ki, “Neftçi”də də özünü sübut edəcək. Təbii ki, onun üzünə qapımız açıqdır. Mehriban şəkildə ayrıldıq və dostuq. Gələcəkdə hər şey ola bilər. Amma hazırda Mutunun rəhbərlik etdiyi komanda var və biz də Berqodidən faydalanırıq”.
Qeyd edək ki, Adrian Mutunun “Neftçi” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.