Uzun müddətdir zədədən əziyyət çəkən "Bayer"in futbolçusu Patrik Şikin "Qarabağ"la görüşdə meydana çıxacağı gözlənilir.
Newsport.az xəbər verir ki, bunu Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso "Bild"ə açıqlamasında deyib.
Çexiyalı hücumçu "Volfsburq"la Bundesliqa matçında iştirak ərizəsinə salınsa da, oyun şasnı qazanmayıb. Alonso bildirib ki, onu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la keçiriləcək oyunda meydana buraxa bilər:
"Patrikə ehtiyacımız var. Oun yenidən heyətə qayıtmasına şadıq. "Volfsburq"la oyunun gedişatı Patrikin meydana qayıtmasına mane oldu. Ümid edirəm ki, biz daha çox nəzarətə malik olacağımız növbəti oyunda o da şans qazanar. O zaman daha yaxşı qərar verə bilərik. Patrik 10-15 dəqiqə oynaya bilər".
Patrik Şik zədə səbəbindən mart ayından bəri meydana çıxmayıb. O, ötən mövsüm Bundesliqada 27 oyuna 24 qol vuraraq komandasının bombardiri olub.
Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək.