1-ci liqada milli komandaların oyunları ilə bağlı fasilədi. Turnir cədvəlinə 4 oyuna 10 xal yığmış “İrəvan” başçılıq edir. Əslində, Qərbi Azərbaycan təmsilçisi çox əla komanda formalaşdırıb. Kollektivə ölkə futbolunun ən məşhur simalarından olan Nazim Süleymanov başçılıq edir. Ümumiyyətlə, “İrəvan”ın qol buraxmaması unikal göstəricidi. Komandanın heyətində premyer-liqa təcrübəsi olan futbolçular var. Bir sözlə, “pələnglər” çempionata maraq qatan kollektivdi.
Amma klubla bağlı az qala hər gün xoş olmayan xəbərlər yayılır. Yazılanlara inansaq, “İrəvan” futbolçuların maaşını ödəmədiyi üçün onlar məşqə çıxmır. Olduqca maraqlı və qəribə iddiadı. Məsələ ilə bağlı informasiya toplamağa çalışırdı ki, komandanın üzvlərindən biri redaksiyamızla əlaqə saxlayaraq problemi işıqlandırmağımızı istədi. Lakin həmin futbolçu adının qeyd olunmasını istəmədi. Çünki sonradan klub rəhbərliyi ilə problem yaşayacağını bilir. Bu səbəbdən də oyunçunun adının gizli saxlayaraq onunla etdiyimiz söhbəti diqqətinizə çatdırırıq...
- Bizdə olan bilgiyə görə, “İrəvan”da futbolçuların maaşı ödənmir. Bu səbəbdən də şənbə günü məşqə çıxmaqdan imtina edibsiz...
- Bəli! Doğru məlumatdı. İki aydı maaş almırıq. Tərk dərdimiz pulumuzu almaqdı. Başqa niyyətimiz yoxdu. Komanda formalaşanda söz verildi ki, ölkə xaricində təlim-məşq toplanışı keçiriləcək. Əvvəlcə Türkiyə deyildi, sonra Gürcüstan. Axırda “ASK Arena”da məşq keçməklə kifayətləndik. Bu stadion da təlim-məşq toplanışı keçiriləcək yer deyil. Komanda üzvlərinin, demək olar ki, hamısının premyer-liqa təcrübəsi var. Hamısı bəh-bəhlə kollektivə dəvət olunub. Komandaya masajçı gəlir, amma müqavilə bağlanılmır. 20 gün sonra başqası ilə işləməyə başlayırlar. İndi də komandanın masajçısı yoxdu. Ümumiyyətlə, həkimin tibbi ləvazimatlarını qoymağa çantası yoxdu. Dərmanları paketdə aparıb-gətirir. Nə bilim e, belə qəribə durum yaranıb.
- Bəs baş məşqçi Nazim Süleymanov başverənlərə bağlı nə deyir?
- Heç nə! Nə deyəcək? O da rəhbərliyin adamıdı da. Futbolçuların tərəfində durmayacaq ki. Onu da rəhbərlik təyin edib. O da deyir ki, müvəqqəti çətinlikdi. Hər şey yaxşı olacaq. Pul olacaq. Dözmək lazımdı. Sadəcə, Nazim müəllim sonradan gəlib. Futbolçuların çoxu komanda yığılandan burdadı. Artıq bezmişik.
- Tam iki aydı maaş almırsız?
- Qanunla avqustla sentyabrın maaşı verilməlidi. İndi isə oktyabrın ortalarıdı. Düzdü, indiyə kimi kiməsə 300, kiməsə 400 manat verilib. Maksimum verilən pul 700 manat olub. O da 3-4 nəfərə çatıb.
- Komandada minimum və maksimum maaş nə qədərdi?
- Ən aşağı 1200 manatdı. Maksimum isə 2500-3000. Belə deyim də, premyer-liqada oynayan futbolçunu 1-ci liqaya dəvət edirsənsə, bu pulu verməlisən. Rəhbərlik bəh-bəhlə uşaqları bura gətirirdi. İndi camaata söz veriblər. Müqavilə bağlanılıb. Oyunçunu meydana buraxırsansa, məşq keçirsənsə, pulu verməlisən də, qardaş! Uşağımız evdə başa düşmür e, ata maaş almır. Deyir ki, yemək istəyirəm. Altını batırırsa, bezi dəyişməlidi. Yalandan demək olmur ki, döz!
- Klub prezidenti Zahid Niyazəliyev pulunuzu vermir? Yoxsa, ümumiyyətlə, “İrəvan”ın normal büdcəsi yoxdu?
- Mən Zahid bəy haqda nəsə demirəm. Yəqin ki, öz cibindən pulu yoxdu verməyə. Biz də deyirik ki, olsun. Pulun verilməməsinin səbəbini bilmirik. Çarə axtarmırıq. Sadəcə, deyirik ki, pulumuzu verin, məşqə çıxaq. Bizə maraqlı deyil Zahid Niyazəliyev, Zülfüqar müəllim və yaxud da Nazim Süleymanov nə fikirləşir. Problemləri də futbolçulara aid deyil. Amma mənim maaşımı verməlidilər.
- Nəyi əsas gətirib pulu vermirlər?
- Vallah, başa düşə bilmirəm. Deyirlər ki, ayın 5-i maaş veriləcək. Həmin vaxt çatır, amma pul olmur. Sonra deyirlər ki, ayın 15-i olacaq, amma yenə eyni şey təkrarlanır. Axırda da gətirib 300-400 manat pul verirlər. Futbolçu da bunu özü üçün təhqir sayır. Deyir ki, bu nədi? Mənim maaşım 3 mindi, sən mənə 300-400 manat verirsən. Belə olan zaman da futbolçu məşqə çıxmır. Nə edəcəklər? Gedib uşaq-muşağı oynatmayacaqlar ki? Gətirsələr, nə olacaq? Digər komandalara uduzacaqlar. Görün futbolçular o qədər bezib ki, qışa kimi evdə oturmağa da razıdılar. Bizi bu həddə çatdırıblar.
- Legioner futbolçular bu duruma nə deyirlər?
- Onlar da bizimlədilər. Həmin futbolçuların da maaşı verilmir. Kollektiv olaraq hamımız sözü bir yerə qoymuşuq. Kimsə də məcbur edilmir. Onsuz da hamının bir istəyi var: maaşların verilməsi. Bizim aşağı pillələrdə oynayan komandalardan fərqimiz nə oldu? Onlar da AFFA-nın verdiyi 30 minə oynasın, biz də? Bizim komandada avrokuboklarda oynamış futbolçular var. İlin ən yaxşısı seçilən hücumçumuz var. “İrəvan” yaxşı təklif irəli sürdü, biz də bura gəldik. İndi də pulumuzu versinlər də, qardaşım. Başqa nə istəyirik ki? Vallah, heyətimiz əladı. Çempionluğa oynayırıq. Versinlər pulumuzu, yoluma davam edək də!
Bu iddialarla bağlı klubun prezidenti Zahid Niyazəliyevlə əlaqə saxladıq. O, deyilənləri təkzib etdi. Daha sonra “İrəvan”ın mətbuat katibi Mübariz Zeynallı redaksiyamızla əlaqə saxlayaraq bunları söylədi:
“Yazılanlar yalandı. Yaxın günlərdə bununla bağlı mətbuat konfransı keçirəcəyik. Futbolçular məşqə çıxırlar. Klubun dağılacağını söyləyənlər də yalan danışır. Başverənlərlə bağlı PFL-ə və digər futbol istansiyalarına məlumat vermişik”.
futbol+