Xəbər verdiyimiz kimi, bu gün "Qəbələ” İdman Klubu Bakıda - "Qafqaz Point Hotel”də klubdakı son yeniliklərlə bağlı mətbuat konfransı keçirib.
Newsport.az saytının məlumatına görə, yeni kommersiya direktoru Musfata Aztopal və futbol direktoru Toni Adamsın da qatıldığı tədbirdə əsasən Türkiyənin məşhur geyim şirkəti "Sarar”la əldə olunan razılaşma müzakirə olunub.
Tədbirdə ilk olaraq "Sarar”ın ölkəmizdəki rəhbəri Məsut Dəmirtaş danışıb: "Biz "Sarar” şirkəti olaraq "Qəbələ” ilə əməkdaşlıq etməkdən məmnunuq. Uzun müddətdir ki, Türkiyə milli komandasının forma sponsoruyuq. "Qəbələ”nin Avropa Liqasındakı uğurlarının davamının gələcəyinə inanırıq”.
Bu yerdə qeyd edək ki, 1944-cü ildən fəaliyyət göstərən "Sarar” şirkəti idmana xüsusi diqqət ayırır. Şirkət hal-hazırda Türkiyənin futbol və basketbol milli komandalarının (1996-cı ildən), "Beşiktaş” və "Trabzonspor”un sponsorudur. Bundan başqa, 1997-2013-cü illər arasında "Qalatasaray” və "Bursaspor” komandaları da "Sarar”la əməkdaşlıq edib.
Məsut Dəmirtaşın ardınca "Qəbələ” İdman Klubuna yenicə kommersiya direktoru təyin olunan Musfata Aztopal söz alıb: "Hamınızı salamlayıram. Bu gündən "Qəbələ”də işə başlayıram. Tanışlığımız 1 il öncəyə təsadüf edir. Bundan öncə Səməd bəy və Fariz bəylə tanış olmuşdum. Daha sonra Antalya toplanışında onlarla görüşdüm. Ötən həftə klub pörezidenti Tale bəylə görüşümüz oldu. Çox xoşbəxtəm. "Qəbələ”nin uğuru üçün əlimdən gələni edəcəm”.
Tədbirin sonunda isə müxtəlif vəzifələrdə "Qəbələ”də 5 ilə yaxındır çalışandən, hazırda futbol direktoru olan "Arsenal”ın canlı əfsanəsi Toni Adams qısaca öz fikirlərini bildirib: "Bizim Avropa Liqasında möhtəşəm oyunlarımız var. Bu matçlarda biz həm oyunumuzla, həm də geyimimizlə yaxşı görünməliyik. Ona görə də "Sarar” şirkətinə təşəkkür edirəm ki, bizim komandamızı dəstəkləyəcək”.