“Bu məsələdə söz sahibi Qurban Qurbanovdur” - Tahir Gözəl

"Qarabağ"ın prezidenti Tahir Gözəl komandanın Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İsveçdə "Hekken"ə qalib gəlməsi (1:0) haqda fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o , açıqlamasında Azərbaycan futbolu adına önəmli uğura imza atdıqlarını deyib: 

"Ölkəmiz üçün belə vacib, yaddaqalan, tarixi hadisələrin cərəyan etdiyi bir dövrdə komandamızın qələbə qazanması uğurlarımıza uğur, sevincimizə sevinc qatdı. Xalqımız dövlətimizin ardıcıl zəfərlərinin ardından bizdən də yaxşı nəticə gözləyirdi, bu müsbət tendensiyanın davamını istəyirdi. Biz də klub olaraq bu məsuliyyəti yaxşı başa düşürdük. Baş verən tarixi hadisələr bizi oyuna daha da kökləyirdi, klubun sıravi işçisindən rəhbərliyinə qədər hər kəsi motivasiya edirdi. Qrup mərhələsinin birinci oyununda – “Molde” ilə qarşılaşmada qələbə qazanmaqla Azərbaycan futbolunda bir ilkə imza atmışdıq. “Hekken” ilə görüşdə də uğur qazanaraq ölkəmiz, futbolumuz adına növbəti uğur hekayəmizi yazmaq istəyirdik. İstəyirdik və bacardıq. Komandamız uzun yol getməsinə, sıx qrafikə, iddialı rəqibə baxmayaraq, lazımlı nəticəni qazandı. Hazırda 6 xalımız var və iddiamızı davam etdiririk. Heyətimizin hər bir üzvünə əzmkarlığa, möhkəmliyə, mübarizə ruhuna görə təşəkkür edirəm. Ölkə xaricində bizi tək qoymayan, dəstəyini əsirgəməyən azarkeşlərimizə də xüsusi təşəkkürümü bildirirəm".

T.Gözəl Ağdam təmsilçisinin qrup mərhələsinin 3-cü və 4-cü turlarında "Bayer"ə qarşı keçirəcyi oyunlara da toxunub: "Qarşıda bizi Almaniya təmsilçisi, hazırda Bundesliqada liderlik edən “Bayer”lə çətin oyun gözləyir. İnanıram ki, komandamız sözügedən kollektivə qarşı da inamlı mübarizə aparacaq".

Klub prezidenti sonda transfer məsələlərinə də toxunub. O, komandanın məşqçi heyətinin ehtiyac duyacağı halda, yeni transferlərin edilməsi üçün lazım olan hər şeyin ediləcəyini vurğulayıb: "Bilirsiniz ki, “Qarabağ”da transfer məsələlərində, heyətin formalaşdırılmasında söz sahibi baş məşqçimiz Qurban Qurbanovdur. Onun bu istiqamətdə hansısa istəyi olarsa, onu reallaşdırmaq istiqamətində işlər görəcəyik. Bildiyiniz kimi, Avropa Liqasında qrup mərhələsi çərçivəsində heyətə oyunçu əlavə etmək qaydalarla mümkün deyil. Qış transfer pəncərəsində texniki heyətimdən belə bir istək gəlsə, əlbətdə ki, onu dəyərləndirəcəyik. Komandamızın daim güclü, rəqabətədavamlı heyətinin olmasını hamımız istəyirik. Bizim baş məşqçimizə, onun da bizə inamı sonsuzdur. Uğurumuzun açarı da mən belə düşünürəm ki, budur. Əgər komandaya uyğun futbolçu və ya futbolçular tapılsa və transfer istənsə, mən həmişə komandamın yanındayam".

qol.az
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right