"Yaxşı oyun alındı. Prinsipcə, matçda diqtə edən tərəf idik, qol epizodlarımız da çox idi. Əsas odur ki, qələbə qazandıq. Azarkeşlərə sevinc bəxş etdik".
Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qolkiperi Andrey Lunyov Avropa Liqasının qrup mərhələsinin ilk turunun "Molde" ilə oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. Rusiyalı qapıçı jurnalistlərin suallarını cavablandırıb.
- Öz performansınızı necə dəyərləndirirsiz?
- Açığı, mənimlə bağlı epizod çox yox idi. Ümumi götürsək, normal alındı. Uzun müddət rəsmi matçlarda meydana çıxmamışdım. Fasilə yaranmışdı. Ümidvaram ki, oyundan-oyuna daha yaxşı olacaq.
- Səncə, daha çox qol vurmaq üçün nə çatmadı?
- Nəsə demək çətindir. Yəqin ki, hardasa konsentrasiya, hardasa tez qərar vermək çatışmadı. "Molde"nin qolkiperi də yaxşı oynadı. Bir neçə dəfə komandasını qoldan xilas etdi.
- "Molde"nin bu cür oynayacağını gözləyirdiz?
- Rəqibi yaxşı analiz etmişdik, necə oynadıqlarına baxmışdıq. Prinsipcə, təəccüblü heç nə yox idi. Bizim komanda yaxşı oynadı.
- Şahruddin Məhəmmədəliyev daha ötürmələrlə topu oyuna daxil edirdi. Amma sən topu irəliyə vurursan. Baş məşqçinin tapşırığı idi, yoxsa özün belə oynayırdın?
- Öz istəyimlə olsaydı, yəqin ki, topu götürüb, irəli qaçardım (gülür). Məşqçilər korpusunun tapşırığı idi.
- "Qarabağ"ın qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsən?
- Əgər bu cür intizamlı, peşəkarcasına oynasaq, şanslar yaxşıdır. Hər şey özümüzdən asılıdır.