Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində ikinci oyununa çıxan Azərbaycan millisi dogma meydanda Niderlandı böyük hesabla məğlub edib.
Newsport.az xəbər verir ki, matçın ilk dəqiqəsindən sonuna qədər meydanda olan kapitan Emin Kürdov qarşılaşmadan sonar azfutzal.az-a açıqlama verib:
“Komanda olaraq əla oynadıq. Kimisə fərdi qaydada seçmək, fərqləndirmək istəməzdim. Ümumiyyətlə, Azərbaycan millisi nə vaxt ki, öz oyununu oynaya bilir, onun qarşısında dayanmaq çətin olur. Müdafiədə kompakt oynamaq, səhvə yol verməmək əsas özəlliyimizdir. Onsuz da oyun ərzində qol epizodu yaradırsan. Qalır həmin anda düzgün mövqe seçmək, epizodu reallaşdırmaq".
Futzalçı qeyd edib ki, Azərbaycan Ordusunun 24 saat ərzində antiterror əməliyyatını uğurla başa vurması onlara psixoloji cəhətdən müsbət təsir edib: "Oyun həm də ölkəmiz üçün əhəmiyyətli günlərdə baş tutdu. Azərbaycan Ordusu 24 saat ərzində antiterror əməliyyatını uğurla başa vurdu və separatçıları tərkisilah olmağa məcbur etdi. Təbii ki, bu xəbər bizə müsbət mənada psixoloji olaraq təsir etməyə bilməzdi. Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizi hər zaman ehtiramla anırıq”.
Qapıçı son iki oyundan sonra komandaların şansları haqda da danışıb: “Hazırda turnir cədvəlində komandalar bir-birinə yaxın pillələrdə yer alıb. Qazaxıstan 6 xalla liderdir, Rumıniya və millimizin 3 xalı var. Top fərqinin göstəricisinə görə komandamız üstün olsa da, aramızdakı matçın nəticəsi Rumıniyaya 2-ci pillədə qərarlaşmaq imkanı verir. Halbuki birinci oyunda da üstünlük tərəfimizdə idi, qol epizodlarımız daha çox oldu, sadəcə reallaşdıra bilmədik. İdman xoşbəxtliyi tərəfimizdə olmadı”.
O, Qazaxıstanla oyunöncəsi azarkeşlərə səslənib: “Oktyabrın 6-da əsas rəqibimiz olan Qazaxıstanla qarşılaşacağıq. Bu görüşdə xal itirməsək, liderlik uğrunda mübarizə üçün şansımız çoxalacaq. Ona görə də azarkeşlərimizə səslənirəm, gəlin, tribunaları doldurun, komandamızı sona qədər dəstəkləyin. Onların tribunada yer alaması bizə əlavə stimul verir”.
Təcrübəli qolkiper Niderlandla oyunda rəqibin vurduğu qolla bağı vəziyyətə də aydınlıq gətirib: “Niderlandla oyunda sarı vərəqə aldığım epizoda gəldikdə, top qapı xəttini keçməmişdi. Dəqiq görmüşdüm, çünki hər şey gözümün qabağında baş verdi. Sadəcə, həmin anda səbirli olmaq lazımdı, mən də emosialarımı sakitləşdirə bilmədim. Oyun zamanı belə hallar olur. Futzala rəng qatan məqamlardır. Ümud edirəm ki, Qazaxıstanla oyun da komandamız üçün uğurla başa çatar. Gələn həftə ölkə çempionatı da start götürəcək. Komandalara uğurlar arzulayıram”.