“Ötənilki dünya çempionatından bəri bir neçə rəqibə qarşı bir az əsəbiyəm. Bəzilərinin qələbədən sonrakı hərəkətləri mənə psixoloji cəhətdən təsir etmişdi. Bu dünya çempionatında bəzi rəqiblərin dərsini vermək vaxtıdır”.
Newsport.az-ın məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu dördüncü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı hədəfləyir: “Həm dördüncü dəfə dünya çempionu olmaq, həm də olimpiadaya lisenziya qazanmaq istəyirəm. Bəlkə də son dünya çempionatım olacaq. Ona görə də turnirin qalibi olmağa çalışacağam. Rəqiblərə şans verməmək üçün əlimdən gələni edəcəyəm”.
32 yaşlı idmançı komanda şəklində mundiala hazır olduqlarını vurğulayıb: “Komanda yoldaşlarımın hamısı yaxşı formadadırlar. İstər ölkə daxilində, istərsə də xaricdə ilboyu uğurlu təlim-məşq toplanışları keçmişik. Buna görə də komandanın tam hazır olduğunu düşünürəm”.
H.Əliyev hazırda optimal formada olduğunu düşünür: “Son Avropa çempionatının qalibi olsam da, indi daha yaxşı formadayam. Nəticəni yarış göstərəcək. Çünki orada tam fərqli görüşlər ola bilər. Düşünürəm ki, tam hazıram”.
Qeyd edək ki, sentyabrın 16-24-ü aralığında keçiriləcək dünya çempionatına Azərbaycan 10 sərbəst güləşçi ilə qatılacaq.