"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (0:1) sonra Newsport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı fikirlərini bilmək maraqlı olardı. Qələbə qazanmağınıza nə mane oldu?
- FİFA-nın məlum qərarını oyun qabağı eşitdiyimizə görə bir az pis olmuşduq. Buna baxmayaraq, layiqli oyun göstərmək istəyirdik. Təəssüf ki, xal qazana bilmədik.
- Yeni transferləriniz də daha meydana çıxa bilməyəcək. Bundan sonra nəyə ümid edirsiniz?
- Ötən mövsüm də demək olar bu heyətlə çıxış edirdik. Bizim üçün çox çətin olacaq. Hər matça layiqli oyun göstərmək üçün çıxacağıq.
- Belə çıxır ki, biz “Xəzər Lənkəran”ı növbəti il də avrokuboklar görməyəcəyik...
- Bu futboldu, hər şey mümkündü. Əlimizdən gələn hər şeyi etməyə çalışacağıq ki, yaxşı nəticə qazanıb, ilk pillələrdə qərar tutaq. Düzdü, gənc futbolçularla bunu etmək çox çətin olacaq.
- Oyun boyu çox çalışırsan, əziyyət çəkirsən, lakin komanda çox top itirir, istənilən kimi oynamır. Bu, səni bezdirmir?
- Onda gərək meydana çıxmayaq. Oynasaq da can qoymalıyıq ki, komanda xeyir görsün.
- Çempionluğa oynamaq üçün darıxmısan?
- Əlbəttə, hər futbolçu çempion olmaq, avrokuboklarda iştirak etmək istəyir. Nə edək, vəziyyətimiz də belədi.
- Belə olan təqdirdə komandanı dəyişməyi düşünürsənmi?
- Hələ ki, 1 illik müqaviləm var. Bu, futboldu, hər şey ola bilər. Hər bir futbolçu avrokuboklarda meydana çıxmaq istəyər. “Xəzər Lənkəran”ın da vəziyyətinin düzələcəyinə inanıram.
- Artıq Vüqar Nadirov və Ruslan Abışov komandanı tərk edib. Sənin buna münasibətin necədi?
- Onları başa düşmək olar. FİFA-nın son qərarına kimi gözlədilər. Hər iki futbolçuya gələcək karyeralarında uğurlar arzulayıram.