“Qarabağ”ın necə çıxış edəcəyini bilirdik. İki top buraxsaq da, qalib gəldik”. Newsport.az xəbər verir ki, bunu “Pakuv” klubunun futbolçusu Fabian Pyasetski deyib.
Polşa təmsilçisinin hücumçusu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Onun sözlərinə görə, rəqib doğma azarkeşləri önündə oynayacağından ilk dəqiqələrdən təzyiq göstərəcək: “Ağıllı müdafiə olunub, şanslarımızdan istifadə etməliyik. Müəyyən planımız var. Yerinə yetirsək, qalib gələ bilərik. “Qarabağ” bizə yuxarıdan-aşağı baxmayacaq. Artıq bilirlər ki, bizi məğlub etmək üçün daha əzmkar olmalıdırlar”.
28 yaşlı futbolçu bildirib ki, komandası oyuna ciddi hazırlaşıb: “İlk qarşılaşmanı təhlil edib, mümkün qədər yaxşı nəticə çıxarmağa çalışmışıq. Bakıda temperatur 30 dərəcə, rütubət isə 60 faizə yaxın olacaq. Keçən həftə bədənimizi yüksək temperatura alışdırmaq üçün neylonda məşq etmişik. Əlbəttə, şərtlər çətin olacaq. Lakin biz də mümkün qədər yaxşı hazırlaşmışıq. Mətbuatda davamlı olaraq “Qarabağ”ın avrokuboklarda Polşa komandalarının əsl “cəllad”ı olduğu deyilir. Amma bu rəqibi keçə bilərik”.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Rakuv” matçı saat 20:00-da başlayacaq. İlk oyun Polşa təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:2.