"Qarabağ" və "Qalatasaray" yenidən bir matçda üz-üzə gələcəklər.
Newsport.az xəbər verir ki, bu haqda Türkiyə klubunun prezidenti Dursun Özbek danışıb. O, "Qalatasaray"ın Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə sponsorluq müqaviləsinin imzalanması mərasimində Ağdam təmsilçisi ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş oyun keçirəcəklərini bildirib:
"Qarşıdakı vaxtda Azərbaycanın mərhum prezidenti Heydər Əliyevi anmaq məqsədi ilə "Qarabağ" ilə bir oyun keçirəcəyimizin müjdəsini də vermək istəyirəm. "Qarabağ" Azərbaycan və Türkiyə üçün çox vacibdir. "Qalatasaray" da bu mövzudakı mövqeyini göstərmək üçün "Qarabağ"ı qardaş klub olaraq seçib. İdman mövzusundakı təcrübələrimizi Azərbaycan ilə də paylaşmağımız lazımdır. Tək millət olmağın tələblərindən biri də budur".
Qeyd edək ki, bu komandalar arasında mart ayının 26-sı Bakı Olimpiya Stadionunda xeyriyyə matçı keçirilmişdi. Görüş "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Oyundan əldə olunan bütün gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndərilmişdi.