Polşa millisinin sabiq futbolçusu Kamil Kosovski “Rakuv”un Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi şansları dəyərləndirib. Newsport.az saytı xəbər verir ki, 46 yaşlı mütəxəssis ilk görüşdəki 3:2 hesablı qələbənin həmyerlilərinə üstünlük qazandırdığını düşünür.
Ancaq o, iki qol buraxmağın komandaya baha başa gələ biləcəyini vurğulayıb: “Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çoxlu emosiyalar yaşatdı. “Rakuv” 2:0 öndə olsa da, “Qarabağ” iki dəqiqə ərzində hesabı bərabərləşdirdi. Polşa çempionuna əlavə olunmuş vaxtda qələbəni debütdə gözəl qola imza atan Sonni Kittel qazandırdı. “Rakuv” indi cavab görüşü öncəsi nəzəri cəhətdən üstün vəziyyətdədir. Amma unutmayaq ki, bir il əvvəl “Lex” də evdə “Qarabağ”a qalib gəlmişdi (1:0) və Bakıda isə 1:0 öndə idi. Ancaq sonda 1:5 hesabı ilə uduzdu”.
Kosovski cütün favoritinin Ağdam təmsilçisi olduğunu qeyd edib: “Qarabağ”ın Polşa çempionu ilə müqayisədə çatışmazlıqları daha azdır. “Rakuv” özünü çox möhkəm təqdim etdi, lakin rəqibə iki qol vurmaq imkanı verdi. Bu, həm də azərbaycanlılara növbəti qol vəziyyətlərini inkişaf etdirməyə imkan yaratdı. İqlimi, Azərbaycan çempionunun özünəinamını nəzərə alsaq, Qurban Qurbanovun yetirmələri revanş öncəsi favoritdir”.
Sabiq yarımmüdafiəçi hesab edir ki, “Qarabağ”ın ən zəif nöqtəsi qapı xəttidir: “Rəqibin qapıçısı ilk matçda fəlakətli səhvlərə yol verdi. Nəticədə “Rakuv” üç hədiyyədən qol vurdu. İndi hər şey Polşa klubunun öz əlindədir. Şvarqanın futbolçuları “Qarabağ”ı keçsələr, yəqin ki, növbəti mərhələdə “Aris”lə qarşılaşacaqlar. Deməli, sonrakı mərhələyə də yol açıq olacaq”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.