Konfrans Liqasında dünən keçirilən oyunlar UEFA reytinqinə müəyyən təsir göstərib. Newsport.az xəbər verir ki, baş tutan görüşlərdən sonra Türkiyə, İsrail, Yunanıstan, Xorvatiya, Kipr, Ermənistan, Latviya, İslandiya, Malta və Monteneqro irəliləyişə nail olub. Əvəzində Serbiya, Danimarka, İsveç, Rusiya, Lixtenşteyn, Litva, Lüksemburq və Uelsdə geriləmə müşahidə edilib.
“Qəbələ” “Omoniya”ya evdə (2:3) məğlub olsa da, “Neftçi” heç-heçə ilə Azərbaycanın aktivinə xallar yazdırıb. Bakılılar Bosniya və Herseqovinada yerli “Jelezniçar”la 2:2 hesablı bərabərə qalaraq, ölkəmizə 0,125 xal yazdırıb. Cari mövsümdəki ümumi qazanc 0,875-ə yüksəlib.
Son 5 mövsümdəki ümumi xallarının sayı 15,125-ə çatan Azərbaycan reytinqdə 29-cu yerdə qalıb. 28-ci sıradakı Sloveniya ilə arada 1 xallıq fərq var.
UEFA reytinqinə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədədi.