“Hər şey yenidir. Fərqli ölkəyə gəlmişəm, heç vaxt olmadığım şəhərdə yaşayıram. Ancaq bunların heç biri problem yaradacaq məqamlar deyil. Zatən idmançının həyat tərzi belədir. Sabahı hansı şəhərdə açacağını əvvəlcədən bilmirsən. Həqiqətən də burada olduğuma görə xoşbəxtəm”. Newsport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın yeni transferi Miço Kuzmanoviç deyib.
Yeni mövsümə hazırlığını Qəbələdə davam etdirən “Araz-Naxçıvan” gündəliklə məşqlərdə həm fiziki, həm də taktiki çalışmalara yer verir. Az öncə heyətə qatılan və komandanın toplanışında iştirak edən sol cinah yarımmüdafiəçisinin sözlərinə görə, məşqlər ağır keçir: “Bilirəm, yeni komanda qurulur. Şadam ki, mən də yenilərin sırasındayam. Komandaya yaxşı oyunçular dəvət olunub. Hər biri lazımi məqamda kömək edə biləcək gücdədirlər. Sadəcə, tam formaya düşmək, bir-birimizi anlamaq, başa düşmək üçün müəyyən zamana ehtiyacımız var. Hər keçən gün daha yaxşı vəziyyətə gəldiyimizi düşünürəm.
Məşqlərimiz ağır keçir, yükləmələr olur. Bu da normaldır. İndi tər tökməliyik ki, çempionat oyunları zamanı bəhrəsini görək. Hələ ki, 100 faiz hazır olduğumuzu deyə bilmərəm, amma maksimumu edirik ki, baş məşqçinin istədiyi səviyyəyə çataq. Yeni mövsümdə vuracağım qollarla sözümü deməyi, etimadı doğrultmağı düşünürəm”.
Kuzmanoviçin sözlərinə görə, daha iki həmyerlisinin də “Araz-Naxçıvanda” olması üstünlük deyil: “Komandamızda həmyerlilərimin çox olmasının xüsusi bir üstünlük yaradacağını düşünmürəm, amma ünsiyyət qurmaq, meydanda anlaşmaq, adaptasiya olmaq baxımından köməyi dəyir”.