“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Polşa mətbuatına geniş müsahibə verib.
Newsport.az-ın məlumatına görə, 32 yaşlı monteneqrolu futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsində yerli “Rakuv” önündə şanslarını dəyərləndirib.
- İki il əvvəl “Legiya”dan ayrılsanız da, hər il Polşaya səfər edirsiniz. Ötən il “Lex”lə qarşılaşdınız, bu dəfə isə “Rakuv”la üz-üzə gələcəksiniz. Polşa çempionu ilə oynamaq istəyirdiniz?
- Püşkatmadan əvvəl dedim ki, qaçmaq istədiyim komandalar var, “Rakuv” da onlardan biri idi. Bunun fərqindəyik, görüşə hazırlaşırıq. Şadam ki, ilk oyun Polşada, cavab görüşü Bakıda keçiriləcək.
- Polşanı tərk etməyinizdən iki il keçsə də, “Rakuv” çox dəyişilib...
- Onlarla yanvarda Antalyada yoxlama görüşündə üz-üzə gəldik və 0:3 hesabı ilə məğlub olduq. Ona görə də bu komandanı tanıyırıq. Baş məşqçiləri dəyişdi, bəzi oyunçularını itirdilər. İvi Lopesin ciddi zədə almasına görə təəssüflənirəm. Onun zədələndiyini eşidəndə çox üzüldüm. “Rakuv”un ən vacib oyunçularından biri idi.
- Rəqibi necə qiymətləndirirsiniz?
- Meydanda yaxşı görünürlər. Bunu təkcə “Flora” ilə matçın nəticəsinə əsaslanaraq demirəm. “Rakuv”un mövsümöncəsi oyunlarını izləməmişəm, vacib oyunçularını itiriblər. Yeni gələnlərin isə zamana ehtiyacı olacaq. Baş məşqçi getsə də, komandanı onun köməkçisi qəbul etdi. Onların fəlsəfəsini, oyun tərzini diqqətlə təhlil etməliyik.
- “Rakuv” ötənilki “Lex”dən çətin olacaq?
- Bu, oyun tərzi ilə bağlı ola bilər. “Lex”in yolu fərqli idi, hücumameyilli çıxış edirdi. “Rakuv” 3-5-2 sxemində çıxış edir. Bu sistemdə rəqibin hücumu zamanı müdafiə olunmaq asan olmur. Yaxşı oynayırlar, hamı müdafiəyə qayıdır. “Lex” bizim üslubumuza oxşar futbola üstünlük verirdi. Fərdi olaraq “Lex” daha keyfiyyətli ola bilərdi, amma “Rakuv” kollektiv şəkildə oynayır, futbolçular bir-birilərini yaxşı tanıyırlar. Ona görə də təhlükəli rəqib olacaq.
- Ötən mövsüm “Lex”ə Poznandakı ilk görüşdə uduzsanız da, cavab matçında 5:1 hesablı qələbə qazandınız. İkinci qarşılaşmada bu qədər asan olacağını gözləyirdiniz?
- İlk oyunda uduzsaq da, yaxşı oynadıq, belə nəticəyə layiq deyildik. Şanslarımız oldu, yararlana bilmədik. Bakıda stadion dolu olanda özümüzü çox güclü hiss edirik. Bu, bizim güclü tərəflərimizdən biridir.
- Ötən mövsüm “Lex”dən sonra “Sürix” və “Ferentsvaroş”u keçsəniz də, sonda Avropa Liqasının qrupuna yollandınız. Həmin dönəmi necə xatırlayırınız?
- Çempionlar Liqasının qrupuna da düşə bilərdik. “Viktoriya” (Çexiya) ilə evdə çox yaxşı oynadıq, həmçinin, səfərdə də. Amma iki qol buraxdıq. İndi Çempionlar Liqasının qrupuna düşmək istəyirik. Cari mövsüm üçün hədəfimiz budur. Ancaq bu, çətin yol olacaq.
- “Qarabağ” ardıcıl 9 il avrokubokların qrup mərhələsində çıxış edib. Bunu necə bacarır?
- Komandanın böyük təcrübəsi, yaxşı oyunçuları var. 15 ildir ki, eyni məşqçi komandanı idarə edir. Futbolda heyətin uzun müddət bir komanda ilə işləməsi vacibdir. Öz fəlsəfəmiz və oyun tərzimiz var. Dəyişikliklər çox olanda komandaya uyğunlaşmaq çətinləşir. Hətta güclü rəqiblərə belə, həmişə öz üslubumuzu təqdim edirik. Heç vaxt müdafiədə oturmuruq. Topsuz olanda da onu qaytarmaq üçün pressinq edirik. Bu üslubu bəyənirəm, bir-birimizi yaxşı başa düşürük. Buna görə də müqaviləmi yenilədim.
- Mövsümə Cəbəllütariq çempionu “Linkoln” üzərində ardıcıl iki qələbə ilə başladınız. Həmin matçlar necə alındı?
- Onlarla ilk oyun isti hava şəraitində keçdi, oynamaq çətin idi. Üstəlik, süni örtükdə çıxış edirdik. Həm də, avrokuboklardakı ilk matçı nisbətən zəif keçirməyimiz bizim ənənəmizdir. Ötən mövsüm birinci qarşılaşmada da “Lex”ə uduzmuşduq.
- Əsas hücumçularınız Ramil Şeydayev və Musa Qurbanlının yoxluğunda mövsümün sizin üçün daha çətin olacağını düşünmək olar?
- İndi Redon Cica hücumda oynamağa başladı. Bəli, onlar bizim üçün vacib oyunçular idi. Çünki birlikdə 40-dan çox qol vurmuşdular. Yeni komandamız var, heç nə itirdiyimizi hiss etmirik.
- “Qarabağ”la “Legiya” azarkeşlərini müqayisə edə bilərsiniz?
- O qədər də mütəşəkkil deyillər, amma “Qarabağ” onlar üçün müqəddəs və xüsusi klubdur. Bəziləri Bakıda yaşayanlar, bəziləri isə qaldıqları rayondan ayrılmaq məcburiyyətində qalanlardır. “Rakuv”la cavab matçında stadion dolu olacaq.
- Bakıda özünüzü necə hiss edirsiniz?
- Təbii ki, burada Varşavadan fərqli mentalitet və mədəniyyət var. Eyni zamanda möhtəşəm şəhərdir. Bizə lazım olan hər şey var. Burada özümü pis hiss etsəydim, yeni müqavilə imzalamazdım.