AFFA-nın baş katibi Sərxan Hacıyev “Azersun Arena”da keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) - “Jelezniçar” (Bosniya və Herseqovina) oyununu izləmək üçün Azərbaycanda səfərdə olan Belarus Futbol Federasiyasının (BBF) prezidenti Nikolay Şerstnyovla görüşüb.
Milli assosiasiyadan Newsport.az-a verilən məlumata görə, görüşdə AFFA ilə Belarus Futbol Federasiyası arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
N.Şerstnyov qonaqpərvərliyə və “Dinamo” - “Jelezniçar” matçının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. Görüşdə BFF-nin vitse-prezidenti Andrey Vasileviç və baş katibi Sergey Jardeçki də iştirak ediblər.
Qeyd edək ki, rəqibini 2:1 hesabı ilə məğlub edən “Jelezniçar” Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”yə rəqib olub.