“Konyaspor”un baş məşqçisi Aleksandar Stanoyeviç klubun yay transfer pəncərəsindəki fəaliyyətindən razı deyil. Newsport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, serbiyalı mütəxəssis xüsusən hücum xəttində yaranmış problemdən gileylənib.
O, mövsümün sonunda komandadan ayrılan oyunçuların yerinin doldurulmadığını söyləyib. Stanoyeviçin ən çox narahatlıq keçirdiyi məqamlardan biri Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandada saxlanılmaması olub: “Ötən mövsüm Mahir Emreli və Mame Diuf kimi hücumçularımız var idi. Lakin onlar komandadan ayrıldılar. Buna görə də hücum xəttində ciddi boşluq yaranıb. Hücumu gücləndirməyimiz şərtdir”.
Qeyd edək ki, ötən mövsümün ikinci yarısını icarə əsasında “Konyaspor”da keçirən Mahir Emreli yayda müqavilə ilə məxsus olduğu Zaqreb “Dinamo”suna qayıdıb.