Ukrayna Futbol Assosiasiyası (UAF) Rusiyanın Sankt-Peterburq şəhərində təşkil edilən “Match TV” turniri ilə bağlı bəyanat yayıb. Newsport.az UAF-ın rəsmi saytına istinadən xəbər verir ki, qurum yarışda iştirak edən komandaların bu addımlarını pisləyib.
Bəyanatda bildirilir ki, Rusiyanın Ukraynaya hərbi hücumu səbəbindən FIFA və UEFA-ya müraciət ünvanlanıb: “Ukrayna Futbol Assosiasiyası “Neftçi”, “Srvena Zvezda” və “Fənərbağça” klublarının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yoldaşlıq turnirində iştirakını qətiyyətlə pisləyir. UAF dəfələrlə UEFA-ya, FIFA-ya, Avropa və dünyanın futbol ictimaiyyətindən olan bütün tərəfdaşlarımıza Rusiya komandalarının, o cümlədən bu ölkədə keçirilən futbol yarışlarında iştirakın, habelə Rusiyaya səfərlərin qarşısını almaq üçün müraciət edib”.
Qeyd edək ki, “Match TV” turnirinin ilk iki oyununda “Zenit” (1:3) və “Srvena Zvezda”ya (0:4) məğlub olan “Neftçi” son görüşünü iyulun 15-də “Fənərbağça”ya qarşı keçirəcək.