“Mutunun “Rapid”dəki işi yaxşı idi. Çoxları ilə ziddiyyətdə olsam belə, Mutunun “Rapid”də qalsaydı belə, tezliklə qovulacağına əmin idim”. Newsport.az xəbər verir ki, bunu rumıniyalı futbol mütəxəssisi Helmut Dukadam həmyerlisi Adrian Mutunun “Rapid”i “Neftçi”yə dəyişməsinə münasibət bildirərkən deyib.
Rumıniya millisinin sabiq oyunçusunun fikrincə, Mutu Azərbaycan klubu ilə anlaşmaqla düzgün addım atıb: “Daha yaxşı maliyyə və rahatlıq üçün getməyi üstün tutdu. Mutu stress altında idi. Klubdakı digər problemlər onu bu qərara vadar etdi. Mutu qovulmağı gözləmədi və daha yaxşı yerə getdi”.
64 yaşlı mütəxəssis hesab edir ki, Azərbaycan komandaları keçmişdəki qədər zəif deyil: “Rapid” ölkə kubokunun finalına yüksələ bilmədiyindən Mutu ilə bağlı narazılıqlar var idi. Avropaya ən əlçatan yol kubok idi. Bunu bacarmayınca hamı dişlərini qıcadı. Çox üstünə getməsələr də, böyük məyusluq yaşamışdılar. Fikrimcə, Mutu bu qərarla bir addım öndədi. Orada maaşı qat-qat yüksəkdi, Azərbaycanı əvvəllər 5:0 hesabı ilə məğlub etdiyimiz komandalar kimi görməyək”.
Helmut Dukadam həmyerlisinin adlı-sanlı futbolçu olmasına baxmayaraq, Avropanın iddialı klublarında çalışmasının mümkünsüz olduğunu düşünür: “Avropanın böyük liqalarına addım atmaq çox çətin olacaq. Mirça Luçeskudan başqa kiminsə bunu reallaşdırması çox çətindir. Xüsusən də “Rapid”dən Avropa futboluna yollanmaq çətindir”.
Qeyd edək ki, Buxarest “Rapid”indən istefa verən Adrian Mutu “Neftçi” ilə ilkin razılıq əldə edib.