"Neftçi"nin futbolçusu Azər Əliyev Rusiyanın "Matç TV" kanalına müsahibə verib.
Newsport.az 29 yaşlı yarımmüdafiəçinin müsahibəsini diqqətinizə çatdırır:
- Azərbaycan futboluna necə öyrəşdiniz?
- Artıq çempionata uyğunlaşmışam. Baxmayaraq ki, əvvəlcə bir az qəribə idi. Ən çox bəyəndiyim şey havadır. Azərbaycanda həmişə hava günəşli olur. Rusiyada bildiyiniz kimi, soyuqlar oktyabr ayında başlayır.
- Azərbaycanda stadionların ot örtüyü təbiidir?
- Yalnız üçündə süni örtük var. Amma “Neftçi”nin stadionunun qazonu təbiidir, bazada da həmçinin. Ümumiyyətlə, infrastruktur baxımından çox yaxşı şərait var.
- Azərbaycan çempionatında 10 komanda 4 dövrədə bir-biri ilə oynayır. İntensivlik necədir?
- Əvvəla, belə bir rəqəm ona görədir ki, komandalar çox deyil. Yeri gəlmişkən, ötən mövsüm 8 klub var idi. Vaxt keçdikcə 12 komandanın olacağı müzakirə olunur. Amma hələlik 10 qalıb. Oyunların sıxlığı, komandaların sayı həqiqətən yaxşıdır.
- Hansısa səfərə təyyarə ilə gedirsiz?
- Bu, daha bir böyük üstünlükdür. Əksər yerlərə avtobusla səyahət edirik. Ən uzaq səfərlər Gəncə və Tovuzdur, avtobusla təxminən 5-6 saat. Uçuş üçün yeganə yer Naxçıvandır. Hazırda ora avtobusla gedə bilməzsiniz. Təyyarə ilə təxminən 40 dəqiqəlik məsafədir.
- “Neftçi” əvvəlki kimi ölkənin ən populyar klubudur?
- İndi ən çox iki komandanın adı səslənir - “Neftçi” və “Qarabağ”.
- “Qarabağ” – “Neftçi” qarşıdurması Rusiyada “Zenit” – “Spartak” oyunu kimidir?
- Oyunlarımızda həyəcan həmişə olur.
- Bəs hegemon hazırda "Qarabağ"dır?
- “Neftçi” azarkeşləri və özümüz üçün nə qədər üzücü səslənsə də, son illərin nəticələrinə nəzər saldıqda bunun müəyyən dərəcədə doğru olduğu ortaya çıxır. Ancaq həqiqətən ümid edirik ki, vəziyyəti düzəldəcəyik.