“Əvəzedicilər 1-ci diviziondan ayrıldı. Bundan sonra çempionatda cəmi 6 komanda qalırdı. Buna görə də daha 4 klub 1-ci divizona buraxılacaq və Premyer Liqada olduğu kimi, 1-ci divizionda da 10 komanda mübarizə aparacaq”.
Newsport.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin iclasından sonra brifinqdə milli assosiasiyanın baş katibi Sərxan Hacıyev deyib.
O, 2-ci divizionda 12 komandanın yarıcağını bildirib: “2-ci divizionun yaradılması barədə qərar rəsmiləşdi. Bu turnirdə 12 komanda yarışacaq. Bu liqanın statusu yarım peşəkar statusu daşıyacaq. Premyer Liqa, 1-ci divizion və 2-ci divizion bir-birinə bağlı üç liqadır. Bu turnirlərdə idman prinsipləri qorunacaq. Növbəti mövsümdə də Premyer Liqada sonuncu olan 1-ci diviziona düşəcək, 1-ci divizionun qalibi isə yuxarı liqaya vəsiqə əldə edəcək. Eyni qayda 1-ci divizion və 2-ci diviziona da aiddir. Hazırda bu format üzərində iş gedir.
Çempionatdan əvvəl bütün komandalara məlumat veriləcək. Ola bilər ki, 1-ci divizionda sonuncu olan birbaşa 2-ci diviziona düşsün, sonuncudan öncəki komanda isə liqada qalmaq üçün pley-offda mübariz aparsın. 1-ci və 2-ci divizonda mübarizə aparacaq komandaların adları məlumdur. Bir qədər sonra AFFA-nın saytında siyahı yerləşdiriləcək”.