“Əsas diqqətimizi Azərbaycana yönəldirik”. Newsport.az xəbər verir ki, bunu Estoniya millisinin futbolçusu Karol Mets deyib.
Estoniya yığması AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu Bakıda keçirəcək. Metsin komandası iyunun 17-də millimizin qonağı olacaq.
Bu haqda danışan futbolçu bildirib ki, Bakıda oynamaq asan deyil: “Mən keçən il orada “Sürix”lə Çempionlar Liqasının ilkin mərhələsində “Qarabağ”a qarşı oynamışam. Əlbəttə ki, oynamaq üçün çox çətin şəhərdir. Azərbaycan yığması kənarda tamamilə fərqli görünür, amma evdə daha güclüdürlər. Çox çətin oyun gözləyirəm”.
Futbolçunun sözlərinə görə, Azərbaycanla oyunlarda xal qazanmaq mümkündür: “Mən proqnoz vermək istəməzdim, amma əgər xal qazanmaq istəyiriksə, bu, Azərbaycanla görüşlər və bütün ev oyunlarımız olmalıdır”.