Azərbaycan kubokunun finalından 2 gün ötsə də, mövzu aktuallığını itirmir. Mövsümün son qarşılaşmasından sonra "Neftçi" tərəfinin sükutu başadüşüləndir. Hər halda, ölkəmizin ən qocaman klubunun mövsümü yenidən titulsuz başa vurması rəhbər şəxsləri qane edə bilməz. "Qəbələ"dən alınan 0:1 hesablı məğlubiyyətdən sonra "ağ-qaralar"ın Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov verdiyi kiçik müsahibədə hisslərini boğmağa çalışsa da, emosiyalarını gizlədə bilmədi.
- Belə də yazın, biabır olduq!
- Rege ilə yola davam edəcəksiniz?
- Bu məsələyə Müşahidə Şurası aydınlıq gətirəcək. Mən tək qərar verə bilmərəm axı.
- Bəs sizin mövqeyiniz necədir?
- Bu suala cavab verməyəcəm.
- Komandanızın oyunu haqda fikirləriniz?
- Özünüz gördünüz də oyunu, nə əlavə edim? "Qarabağ"dan 22 xal geri qalmaq nə deməkdir? "Sabah"dan 12 xal geri qalarlar? Bu sözlərimlə kimisə aşağılamaq niyyətim yoxdur, məni düzgün başa düşün. Hamıya hörmətim var. Amma biz "Neftçi"yik e, "Neftçi"!
Mənbə: sport24.az