“Hakimlər diqqətli olsalar, yaxşı olar” – Elmar Baxşıyev

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 35-ci turunda qarşılaşdıqları “Şamaxı” ilə oyunu (0:0) şərh edib.

Newsport.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Oyun barədə çox geniş danışmağa ehtiyac yoxdur. Bilirdik ki, bu gün 4-cü yeri təmin edə bilərik. Komanda bu səbəbdən də matçın əhəmiyyətini dərk edirdi. Ümumi götürdükdə, bizi ağır qarşılaşma gözlədiyini bilirdik. “Şamaxı”ya da xal lazım idi. Qol epizodları yaratsaq da, dəyərləndirə bilmədik. Lakin bu heç-heçəyə görə kədərlənmək vaxtı deyil. 1 oyunumuz qalıb. Ona görə də son turdakı görüşə hazırlaşmalıyıq.

Gəlin “Şamaxı”nı kiçiltməyək. Daha əvvəl də burda xal itirmişik. Bizdən öndə gedən komandalar da Şamaxı səfərində çətinliklə üzləşiblər. Futbolda hər şey sən fikirləşdiyin, istədiyin kimi olmur”.

Baxşıyev matç bitdikdən sonra hakimə etiraz etməsinə belə aydınlıq gətirib: “Hakimlər həm bizimlə, həm mənim məşqçilər heyətimlə bağlı bir qədər diqqətli olsalar, daha yaxşıdır. Çünki tribunadan butulka atırlar, amma dördüncü hakim reaksiya vermir”.

“Qəbələ”nin baş məşqçisi qapıda Səlahət Ağayevə deyil, Kristof Atanqanaya şans verməsi barədə sualı belə cavablandırıb: “Səlahətin hər hansı bir narahatlığı yoxdur. Sadəcə, biz də heyətləri analiz edirik. Düşündük ki, bu gün qapıda Atanqana dayansa, daha yaxşı olar”.

Baxşıyev müqaviləsi bitən futbolçuların son turlara köklənmələrində problem olmadığını söyləyib: “Futbolçuların digər klublardan təklif alması normaldır. Tək bizim yox, bütün klubların oyunçularına təklif olur. Amma bu məqam futbolçuların son matçlara köklənməsində problem yaratmır. Onlar maksimum güclərini meydanda qoyurlar. Bizim üçün mövsümün sonuna 2 tur qalıb. Həmin matçlardan sonra gələcək planlarla bağlı geniş müzakirə aparmaq olar”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right