Qurban Qurbanov: "Futbolçularıma iradım yoxdur"

"Samir Abasovu qələbə münasibəti ilə təbrik edirəm və uğurlar arzulayıram. Məğlub olmaq istəməzdik. Amma futbolda belə hallar, nəticələr olur. Baxımlı oyun olduğunu da, deməzdim. Hava isti idi, ola bilsin ki, motivasiya da tam çatmırdı. Hər bir halda, futbolçular çox əziyyət çəkdi. Məğlub olanda, oyun tam alınmayanda, futbolçular meydanda və oyundan sonra əziyyət çəkirlər. Mövsümün sonuna yaxınlaşırıq. Futbolçularıma iradım yoxdur. Qarşıdakı oyuna hazırlaşacağıq".

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 35-ci turunun "Sumqayıt"la(1:2) oyunundan sonra keçirilən mətbuat konfransında deyib. Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- Futbolçuları bağışlamaq olar?

- Nə ediblər ki? Futbolçularımızı çox istəyirik. Onlar bu günə qədər hamının sevgisini qazanıb, hamının üzünü ağ edib, hamımız onlara güvənirik və təşəkkür edirik. Məğlubiyyətsiz idman növü və məğlubiyyətsiz çempionat yoxdur. Uduzmuşuq. Amma maksimum istəyimizə çatmışıq. Futbolçuları daha da yaxşı səviyyəyə çatdırmaq istəyirik.

- Çempionlar Liqasının hazırlıq planı hazırdır?

- Tam yox. Ümumən bəllidir. Ola bilər ki, 1-2 xırda detalda dəyişiklik edildi. Amma belə, demək olar ki, hazırlıq planı məlumdur.

- Mətbuatda xəbərlər yayılıb ki, dəyəri 5 milyon avroya olan futbolçularla maraqlanırsınız...

- Mən bu cür xəbər oxumamışam. Qarşıma çıxmayıb. Beş milyona futbolçu almaq o demək deyil ki, problemimiz həll edildi. Həm də, o demək deyil ki, həmin oyunçu gəlib biz istəyəni verəcək. Transferlə bağlı işlər davam edir. Amma yüksək məbləğə olan futbolçu axtarışımız yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right