"Sabah"la matçda xoş anlar yaşadıq. Azərbaycan bizə doğma məkandır. Stadionda gözəl atmosfer vardı. "Sabah"ı da təbrik etmək istəyirəm. Çox yaxşı komanda qurublar".
Newsport.az-ın məlumatına görə, bu sözləri Sportal.az saytına açıqlamasında "Beşiktaş"ın hücumçusu Cenk Tosun deyib.
Bakıda "Sabah"a qarşı keçirilmiş xeyriyyə matçında meydana çıxmış təcrübəli hücumçu stadiondakı atmosferi yüksək qiymətləndirib. Tosun azarkeşlərə təşəkkürünü bildirib: "Azarkeşlərin hər birini çox sevirəm. Bura bizim ikinci vətənimizdir. Stadiona gələn azarkeşlərin hər birinə təşəkkür edirəm".
"Beşiktaş"ın əsas hücumçusu Azərbaycan futbolu ilə bağlı məlumatlı olduğunu deyib: "Qarabağ"ın Avropada uğurları ortadadır. Çox yaxından izlədiyim komandadır. Böyük işlər görürlər. "Sabah"ı da bəyəndim. Görünən odur ki, Azərbaycan futbolu inkişafdadır".
İstanbul nəhəngi ilə 2024-cü il iyunun 30-na qədər müqaviləsi olan 31 yaşlı futbolçu gələcəkdə Azərbaycanda oynamağa müsbət yanaşdığını dilə gətirib: "Hazırda "Beşiktaş"ın futbolçusuyam. Məncə, bunu cavablamağım yanlış olar. Amma bir daha deyirəm Azərbaycan ikinci vətənimizdir. Burada oynamaqdan şərəf duyaram".