AVRO-2016-nın seçmə mərhələsində 7-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyunda Azərbaycan millisi Xorvatiyanı qəbul edib. "Bakcell Arena”da keçirilən görüşdə hesab açılmayıb və komandamız hesabına 5-ci xalını yazıb.
Oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayev matçla bağla fikirlərini açıqlayıb: "Futbolçularımız yaxşı oynadılar, çalışdılar. Zarafat deyil, Avropanın ən güclü komandalarından biri ilə başa-baş mübarizə apardılar. Xorvatiyanın heyətində Avropanın ən güclü futbolçuları çıxış edir. Amma buna baxmayaraq, rəqiblə eyni gücdə, eyni səviyyədə mübarizə aparmaq çox yaxşı nəticədir. Futbolsevərləri təbrik edirəm”.
Abdullayev futbolçulara tapşırıq da verib: "Futbolçuları da təbrik etdim. Söylədim ki, belə davam etsinlər. Dünən dediklərimdən nəticə çıxarmışdılar. Dünənki görüşümüzdə onlara söyləmişdim ki, Xorvatiyayla keçən dəfəki oyunda dözə bilmədim, həyatımda birinci dəfə ilk hissədən sonra stadionu tərk etdim. Bunun əvəzin çıxın. Onlar da əvəzini çıxdı. Xorvatlar çox arxayın gəlmişdilər ki, udacağıq. Amma uşaqlar da güclərinin göstərdlər”.
AFFA prezidenti bu gün haqqında Cüdo Federasiyasına rəhbər təyin olunacağı haqda xəbərlərə də münasibət bildirib: "Hələ heç nə məlum deyil. Baxarıq. Vaxtı çatanda bilinəcək”.